Gürcüstan müxalifəti Tbilisidə kütləvi etiraz aksiyası keçirir
Noyabr 17
15:55
2019
Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında kütləvi etiraz aksiyası başlayıb. "Report”un yerli bürosu xəbər verir ki, aksiyada "Güc birlikdədir” müxalif birliyi, "Lelo”, "Girçi” və "Utanc” hərəkatının üzvləri iştirak edirlər.
Aksiyanın əsas tələbi proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefasıdır.
Müxalifət həmçinin Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini də tələb edir. Aksiyaya müxalifət partiyalarının digər şəhər və bölgələrdəki yerli təşkilatlarının üzvləri və tərəfdarları da qatılıb.
Aksiya ilə bağlı parlament binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi aksiya zamanı ictimai təhlükəsizliyin təmin ediləcəyini bildirib. Qurumdan qeyd olunub ki, aksiya iştirakçılarının istənilən qanun pozuntusu, inzibati orqanlara hücum və ya mühasirəyə alınması cəhdlərinin qarşısı dərhal alınacaq.
Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 14-dən etibarən başlayıb. Etirazlara səbəb ölkə parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsidir.