SON XƏBƏR

Gürcüstanda sufi şairi Təhləli Novruzun xatirəsi anılıb

Mart 14
10:34 2016
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Təhlə kəndində fəlsəfi şair, sufizmin davamçılarından hesab olunan Təhləli Novruzun xatirəsi anılıb.
 
Tanınmış təhqiqatçı, ədəbiyyatşünas Allahverdi Təhləli, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsini rəhbəri Rafiq Hümbət və başqaları çıxışlarında Təhləli Novruzun yaradıcılığından söz açıb, onun şeirlərini təhlil ediblər.
 
Bildirilib ki, Təhləli Novruz 1912-ci ilin martın 22-də Qarayazı bölgəsində, indiki Qardabani rayonunun Təhlə kəndində anadan olub. Şairin atası və əmiləri repressiya qurbanları olublar. 1944-cü ildə isə fəlsəfi baxışlarına, irfani şeirlərinə görə şairin özü repressiyaya məruz qalıb. 1953-cü ildə azadlığa çıxan şairin 300-dən çox şeiri və iki dastanı bu günədək qorunub saxlanılır.
 
Təhləli Novruzun şeirləri və bir dastanı ilk dəfə ədəbiyyatşünas Əbdüləli İbrahimsoy tərəfindən 1991-ci ildə çap olunub. Daha sonra Allahverdi Təhləli tərəfindən şairin şeirlər kitabı çapdan çıxıb. Kitabda şairin 360-a yaxın şeiri toplanıb.
 
Təhləli Novruzun "Zərqam uşaq” və "Sam şahzadəsi” dastanları Azərbaycan və Gürcüstan dastanları toplusunun 5-ci cildində çap olunub.
 
Qeyd edilib ki, Təhləli Novruz təkcə Gürcüstanda deyil, Azərbaycanda, İranda və Türkiyədə tanınan şairlərimizdən olub. Təhləli Novruz deyirdi: "Şəriəti öyrənən mərifəti, təriqəti və sonunda haqqı və həqiqəti öyrənib kamil insan olur”. Onun yaradıcılığında böyüklərə, Allaha, torpağa, Vətənə bağlılıq mühüm yer tutub.
 
Sonra məktəblilər şairin şeirlərini, yerli aşıqlar isə mahnılarını ifa ediblər.
 
Tədbirdə Azərbaycandan və Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş elm, mədəniyyət xadimləri, ədəbiyyatşünaslar iştirak ediblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook