SON XƏBƏR

Gürcüstanda turizm şərtləri Azərbaycanı üstələyir

May 26
01:08 2016
Məmməd Əliyev: "Bizdə qonşu ölkədəki kimi uyğun, cəlbedici qiymətlər yoxdur”

Yay fəslinin yaxınlaşması insanları istirahət məkanları seçmək haqqında düşündürür. Müxtəlif turpaketlərlə maraqlanan əhali həm sərfəli, həm də keyfiyyətli yerə gedib yorğunluğunu atmaq istəyir. Hazırda çoxları dincəlmək üçün sərfəli yer kimi Gürcüstanı seçirlər. Çünki Azərbaycandakı turpaketlərin qiyməti "əl yandırır”. 

Azərbaycanın turizm şirkətləri Türkiyədə istirahətin təşkili məsələsində də Gürcüstanla rəqabətdə uduzmağa davam edir. İnsanlar daha ucuz səyahət paketlərini Tiflis üzərindən əldə etməyə çalışırlar.

"FlyTravel” turizm şirkətinin direktoru Məmməd Əliyev Azərbaycanda qiymətlərin həddən artıq baha olduğunu dedi: "Batumiyə 5 günlük avtobusla turun qiyməti 150-160 manatdır. Tura aparıb gətirmək, hoteldə gün ərzində 3 dəfə yeməklə qalmaq daxildir. Bu avtobuslar Gəncədən çıxır. Bizdə qonşu ölkədəki kimi uyğun, cəlbedici qiymətlər yoxdur. Onlar qiymətləri ucuz qoyurlar. Bizdə 2 nəfərin bir gecə qalması yalnız səhər yeməyi daxil, 60 manatdır. Amma Gürcüstanda  5 günü 60 manatdır. Azərbaycanda Nabran, Quba, Qəbələ və demək olar ki, bütün yerlərdəki turistik məkanlar hamısı bahadır. Misal üçün, Qubada 4 ulduzlu hotellər 2 nəfərin 1 gün istirahəti  üçün səhər yeməyi daxil, minimum 60-70 manata başa gəlir. Bundan ucuz olmur. Qiyməti ucuzlaşdırsalar yerli turistlər xaricə yox, elə öz bölgələrimizə gedərlər. Amma bunu etmirlər. Hoteldə qiymət 20 manata olsa, ona sərf edir. Amma etmirlər”.

İqtisadçı ekspert Rəşad Həsənov turizm məsələsinə kompleks yanaşmanın vacib olduğunu dedi: "Manatın dollarla müqayisədə öz mövqeyini itirməsi əslində Azərbaycanın turizm sektoruna bir hədiyyə idi.  Çünki Azərbaycanda turistlər xərcləri manatla ödəyirlər, hazırkı məzənnə ilə kifayət qədər az dollar xərcləyirlər. Azərbaycan turizmi böyük neft pullarının yaratdığı ab-havadan tam aralana bilməyib. Qiymət yüksəkliyi müşahidə olunur, xidmətin aşağı səviyyədə olması, iddialı baxışlar və sairə var. Eyni zamanda burada əsas problemlərdən biri bu dövr ərzində rəqabət mühitinin formalaşmamasıdır. Azərbaycanın cənub bölgəsinin turizm potensialının yüksək olmasına baxmayaraq, bu istiqamətdə infrastrukturun zəif olması, yol problemləri Azərbaycanın şimal istiqamətində turizmin dominatlığını formalaşdırıb. Qiymətlər isə həm regionla, həm də ölkədaxili əhalinin gəlirləri ilə müqayisədə bahadır. Bu baxımdan da bu gün müəyyən qədər rəqabət mühitini artırmaq lazımdır. Turizmin inkişafı üçün xüsusi konsepsiya hazırlanmalı və yatırımlar olmalıdır.

Azərbaycan turizm sektorunda xarici investisiya demək olar ki, yox səviyyəsindədir. Baxmayaraq ki, 2015-ci ilin devalvasiyaları müəyyən qədər aktivlik görüntüsü yaratmışdı. Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi  Türkiyədə turizm sektorunda qiymətlərin ciddi şəkildə azalmasına gətirib çıxardı. Bu yenə də Azərbaycanın  turizm sektorunun bu sferada manevr imkanları etməsinə imkan vermədi. O cümlədən də Gürcüstanda turizm sektoru son dövrlərdə kifayət qədər inkişaf edib. Müqayisə aparsaq görərik ki, Gürcüstana daxil olan turistlərin sayı ölkə əhalisinin sayından çoxdur. Amma Azərbaycana daxil olan turistlərin sayı Azərbaycan əhalisindən dəfələrlə azdır. Daxili turizm potensialından belə Azərbaycan istifadə edə bilmir”.

İqtisadçı ekspert turizm sahəsindəki böyük problemlərdən birinin də viza məsələsi olduğunu dedi:"Azərbaycan Avropa ölkələri ilə viza sadələşdirilməsi məsələsini tamamilə başa çatdıra bilməyib. Bir çox hallarda Avropadan Azərbaycana səfər etmək üçün viza prosedurları ağır olur. Son dövrlərdə bu istiqamətlərdə müəyyən addımlar atılıb. Amma buna baxmayaraq müəyyən ölkələrlə qarşılıqlı əlaqələrin olmaması, digər  çətinliklər var. Hədəflər Azərbaycanda az gəlirli insanların normal istirahət mühitinin təmin edilməsi istiqamətində qurulmalıdır. Transport məsələsi də önəmlidir.  Azərbaycana hansı ölkələrdən daha çox turist cəlb etmək imkanı varsa, AZAL bu istiqamətlərdə daha sərfəli qiymətlərlə uçuşları təklif etməlidir”.(musavat.com)

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook