SON XƏBƏR

Göytəkin Atalı - Ağşın Ağkəmərlinin “Təbrizdən Təbrizə” kitabı üzərində düşüncələrim

Dekabr 20
08:55 2021
Kitabın kiçik tutumlu hekayələrində vətən sevgisi, ayrılıq həsrəti ("Təbrizdən Təbrizə” hekayəsi), ruhumuza yad, elimizə yağı kəsilən İrançılıq rejimi, eləcə də ermənilik ("Dost Xəyanəti” hekayəsi), ən böyük ideallardan biri olan "Azadlıq” ("Zindan” hekayəsi), sözə sədaqət ("Qırmızı geyimli qadın” hekayəsi) kimi məsələlərə münasibət öz əksini tapır.

Zindanın qaranlıq küncünə atılmış, azadlıq həsrəti ilə yanan obrazın timsalında ("Zindan” hekayəsi) xalqımızın yad baxışların basqısı altında azadlığını itirdiyini, taleyinin necə bir qaranlığa qərq olduğunu düşündüm. Zindanın zülmətində, ani işıqlanan divarda, öz əksini axtarıb tapmağa can atan insan bunu bacarmır. Özünü tapmaq, özünü tanımaq ona son ümidi, qurtuluşu kimi görünür. Bir anda işığın kəsilməsiylə ümidinin qaranlığa düşdüyünü, çökən qaranlığın etkisilə məhv olduğunu düşünür. "Mən indi inandım ki, tarixin nə dərin yaraları varmış...” ("Təbrizdən Təbrizə”, səh. 52).

Beləcə bir millətin taleyinə çökən, onu özümlüyündən ayıran yadlıq qaranlığı onun acınacaqlı sonu ola bilər. Sonda İşıq gələn qapı – Azadlığa səsləyən qurtuluş yolu kimi görünür. Əslində İşığı (Həqiqəti) görmək yetərli deyil. Ona doğru İnamla addımlamaq, mübarizə aparmaq gərəkdir. 

"Qışla gələn ilk bahar” hekayəsini oxuyarkən, xalqın, yad basqıların altında, necə əzilib acınacaqlı duruma düşdüyü gözümün önündə canlandı. Sadə, zəhmətkeş insanlar şan-şöhrəti, vəzifəni, satqınlığı insanlıqdan üstün tutanların qurbanına çevrilir. Belə hallarda xalqın öz içində yetişən mərd oğul-qızları xalqın köməyinə çatır. Kənd camaatını jandarmaların əlindən qurtaran Gülüstan, Məmmədəli, Şəfi obrazları kimi...

Ancaq ayrı-ayrı yerlərdə baş verən bu cür dirənişlər bəzi müsbət dəyişikliklər yaratsa da, xalqı əsarətdən qurtara bilməyib. Çünkü yadlıq əsarəti ayrı-ayrı adamların deyil, bütövlükdə xalqın birliyi ilə aradan qaldırıla bilər. Xalq sağlam ideya uğrunda birləşməli, yadlıq aradan qalxmalı, milli dəyərlər xalqın varlığında yaşamalıdır. Bu qurtuluş yolu İnsanlaşmadan başlayır, Millətləşmə sürəcini yetirir. 

"Kütlə öz kimliyini tanımalıdır, hardan gəlib hara getdiyini bilməlidir”. ("Təbrizdən Təbrizə”, səh.89).

Atamız Var olsun!

Sərt Ay, 43-cü il. (dekabr, 2021).





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook