SON XƏBƏR

"Hələ ki, manatı qorumağa imkan var..." - "Görünən budur ki, hökumət manatın sabitliyini saxlamaq niyyətindədir"

İyun 25
02:19 2020
Dövlət Neft Fondunun vəsaiti hesabına dollar satışını artırmaqla, digər tərəfdən isə çox sərt inzibati tədbirlər hesabına panikanın dərinləşməsinin qarşısını ala bildi”.

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Azər Mehtiyev moderator.az saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Mərkəzi Bank valyuta satışına sərt nəzarət tətbiq edib, 500-dollardan artıq valyuta alan şəxsləri nəzarətə götürüb. Bu tədbirlər ekspertlər tərəfindən hökumətin devalvasiya təhlükəsini önləməyə çalışması kimi şərh olunur.

Azər Mehtiyev xatırladır ki, mart ayında dünya neft bazarında başlayan "qiymət savaşı”ndan sonra neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Sonradan dünyanı bürüyən Covid-19 pandemiyasının təsiri nəticəsində neftə azalan tələb neft qiymətlərinin aşağı düşməsini daha da sürətləndirdi.

Ekspertin sözlərinə görə, son zamanlar neftin qiymətində müəyyən artımların olmasına, hətta 35-40 dollar/barrel səviyyəsinədək qalxmasına baxmayaraq, yaxın 6 ayda neftin qiymətlərində dalğalanmanın davam edəcəyi gözləniləndir: "Əlbəttə ki, dünyada pandemiyanın davam etməsi durumundan asılı olaraq vəziyyət fərqli istiqamətlərdə dəyişə bilər. Bütün hallarda pandemiyanın təsirlərinin hələ uzun müddət davam edəcəyi gözləniləndir. Bu isə o deməkdir ki, taleyi neft gəlirlərindən yüksək dərəcədə asılı olan ölkələrin, o cümlədən Azərbaycanın üzləşdiyi sınaq davam edəcək".

A. Mehdiyevin qənaətincə bu durum taleyinin neft gəlirlərindən asılılıq səviyyəsinin yüksək olduğu Azərbaycan iqtisadiyyatına, xüsusilə manatın taleyinə təsirsiz ötüşə bilməz. İqtisadçı vurğulayıb ki, indiki halda bu təsir heç də yalnız neft gəlirlərinin azalması ilə qurtarmır: "Belə ki, pandemiya ilə bağlı həyata keçirilən karantin tədbirləri səbəbindən bütövlükdə ölkənin, o cümlədən dövlətin digər sahələrdən də gəlirlərinin azalması baş verməkdədir. Amma eyni zamanda karantin tədbirləri ilə bağlı sosial müdafiə tədbirləri hesabına dövlətin xərclərinin artması baş verir. Əlbəttə, bütün bunlar manatın məzənnəsinin sabitliyinə ciddi təzyiqlər yaradır. Mart ayında neftin qiymətində baş verən dəyişikliklərə reaksiya olaraq əhali arasında yenidən panika yaranmış, dollara tələblər kəskin artmışdı. Hökumət bir tərəfdən Dövlət Neft Fondunun vəsaiti hesabına dollar satışını artırmaqla, digər tərəfdən isə çox sərt inzibati tədbirlər hesabına panikanın dərinləşməsinin qarşısını ala bildi”.

Azər Mehtiyev qeyd edib ki, Dövlət Neft Fondunun valyuta satışları hələlik nəzərdə tutulan hədləri keçməyib: "Belə ki, 2020-ci ilin dövlət büdcəsində il ərzində Fonddan dövlət büdcəsinə 11 milyard 350 milyon manatın transfer edilməsi nəzərdə tutulub ki, bu da təqribən 6.6 milyard dollardan çoxdur. Bu vəsaitlər dövlət büdcəsinə manatla transfer edildiyindən Fond həmin vəsaiti valyuta bazarında satışa çıxarır ki, buradan həmin vəsait banklar tərəfindən alınır. Bankların tələbləri ödənildikdən sonra satışa çıxarılan vəsait artıq qaldıqda onu Mərkəzi Bank alır. Qeyd etdiyiniz kimi, indiyəcən Fond 3.6 milyard dollar satışa çıxarıb. Yəni müəyyən edilmiş hədlər çərçivəsində Fond daha 3 milyard dolları satışa çıxaracaq".

Ekspert bildirib ki, neftin qiymətinin aşağı düşməsi artıq Fondun gəlirlərində kəskin azalma yaradıb. Fondun gəlirlərinin əsasən neft-qaz sazişlərindən hökumətə çatan mənfəət, neft və qazın satışından daxilolmalar olduğunu xatırladan A. Mehtiyev builki gəlirlərdən danışıb:"Bu ilin yanvar-fevral aylarında bu mənbədən Fonda daxilolmaların məbləği 1.1 milyard dollar olmuşdusa, martda 718 milyon, apreldə 338 milyon, mayda isə cəmi 138 milyon dollar məbləğində olub. Böyük ehtimalla bu il Fondun xərcləri onun gəlirlərindən çox ola bilər”. 

Bütün baş verənlərə rəğmən iqtisadçı ekspert xatırladır ki, hökumət və Mərkəzi Bank indiyəcən manatın dollara nəzərən məzənnəsini sabit saxlamağa nail olub: "Bunu əsas götürərək hökumət ölkədə makroiqtisadi sabitliyin təmin olduğunu iddia edir. Görünən budur ki, manatın məzənnəsi hələlik sabit olaraq qalır və hökumət bu sabitliyi saxlamaq niyyətindədir. Amma bu durumu həqiqətən maliyyə sabitliyi kimi qiymətləndirmək bir qədər mübahisəlidir. Çünki maliyyə sabitliyinin təmin edilməsi öz-özlüyündə məqsəd yox, vasitə olmalıdır. Yəni maliyyə sabitliyi ölkədə biznes mühitinin cəlbediciliyi və investorların inamının təmin edilməsi baxımından vacibdir. İndiki halda isə həm biznes, həm də geniş əhali təbəqələrinin hələ də hökumətin manatın məzənnəsini sabit saxlaya biləcəyinə, yəni devalvasiyaya getməyəcəyinə inanmadığı aydın görünür. Bu sabitliyin son dərəcə kəskin inzibati üsullarla qorunduğunu hamı görür. Valyuta alqı-satqısına tətbiq olunan inzibati maneələrin hüquqi əsasları olmamaqla yanaşı, mövcud qanunvericiliyə zidd olan, hətta insanların mülkiyyət hüquqlarını və iqtisadi azadlıqlarını ciddi şəkildə məhdudlaşdıran addımlar atılır. Belə bir inzibati sabitlik nəinki biznesi stimullaşdırmır, əksinə, biznesin qarşısını alır, vəsaitlərin müxtəlif gizli kanallarla ölkədən axmasına gətirib çıxara bilər”.

Azər Mehtiyevin fikrincə, karantin rejiminin davam etdirilməsi və iqtisadi fəallığın azalması vəziyyətin daha da gərginləşəcəyini söyləməyə əsas verir.

Ancaq Dövlət Neft Fondunun və Mərkəzi Bankın malik olduqları valyuta ehtiyatları hələlik prosesi nəzarətdə saxlamağa və manatın məzənnəsini qorumağa imkan verir: "Amma indiki şəraitdə "sabitlik naminə sabitlik” prinsipinin nə qədər doğru olub-olmamasını qiymətləndirməkdə fayda var. Bu sərt inzibati tədbirlər biznes mühitinin daha da pisləşməsi ilə nəticələnirsə, bunların davam etdirilməsi nə dərəcədə doğru ola bilər? Digər tərəfdən, hökumət devalvasiyaya gedərsə, bunun hansı ağır nəticələri ola bilər? Bu sualların cavabları ciddi araşdırmalar tələb edir".

"Devalvasiya gözləniləndirmi?” kimi sualına cavabında ekspert qeyd edib ki, indiki halda devalvasiya iqtisadi proseslərin nəticəsi kimi yox, siyasi qərar kimi meydana çıxan bir hadisədir.

"Sırf iqtisadi baxımdan Azərbaycan manatının məzənnəsi çoxdan azalmalıydı: iqtisadiyyatımızın indiki durumu manatın məzənnəsinin belə sabitliyini qorumaq iqtidarında deyil. Hətta pandemiyanın təsiri ilə bir çox ölkədə milli valyutalar ucuzlaşıb. Neft gəlirlərindən asılı ölkələrdə isə bu qaçılmaz olub.

Azərbaycanda manatın məzənnəsinin sabitliyi iqtisadiyyatın gücünün yox, hökumətin malik olduğu valyuta ehtiyatlarının və atdığı inzibati addımların nəticəsidir.
Hökumət "məzənnə tələsi” ilə üz-üzə qalıb: həm məzənnəni sabit saxlamaq, həm də dəyişikliyə getmək ciddi itkilərə gətirib çıxaracaq. Hansı daha təhlükəlidir? Bu sualın cavabını verə biləcək tədqiqatlar, təəssüf ki, ortada yoxdur"-deyə A. Mehtiyev vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook