SON XƏBƏR

Henri Kissincer: Rusiya Çinin forpostu ola bilər, bunun qarşısını almalıyıq

Avqust 22
23:33 2022
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna ilə bağlı növbəti açıqlama verib. Təcrübəli diplomat bu dəfə məsələyə konkret münasibət bildirməyərək, bir qədər üstüörtülü danışıb. O, bildirib ki, Ukraynadakı münaqişə danışıqlarla yekunlaşmalıdır və vəziyyət kökündən dəyişəcək:"Hesab edirəm ki, Rusiya sonda dövlət olaraq qalacaq, Ukrayna da dövlət olaraq qalacaq və vəziyyət kökündən dəyişəcək, çünki Ukrayna NATO tərəfindən silahlandırılıb, NATO ilə sıx bağlı olub və NATO ilə müəyyən münasibətlər davam edəcək”. Sabiq dövlət katibi münaqişənin uzana biləcəyi ilə bağlı xəbərdarlıq edib və deyib ki, gərginliyin getdikcə artmasıyla onun "daha çox Birinci Dünya Müharibəsinə bənzəyən" bir prosesə çevrilmə riski mövcuddur. H. Kissincer hesab edir ki, NATO ölkələri Rusiya ilə münasibətlər qurmalıdır ki, o, Avropanın bir hissəsi olaraq qalsın və "Çinin forpostu” olmasın. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Kissincer açıqlaması Rusiyayönümlü açıqlamadır:"Davosdakı çıxışında o, mütləq mənada sülh masası ətrafında danışıqlara getmək və Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətindən danışmışdı.Ancaq ciddi tənqidlərdən sonra fikirlərinin  doğru anlaşılmadığını söyləyərək fərqli müstəvidə açıqlama verdi. Ancaq indiki  açıqlamada görürük ki, o fikirlərini gizlətmək istəyir”. 

Politoloq qeyd edir ki,  Kissincer üçüncü dünya müharibəsinin başlanması ehtimalından danışırsa, deməli dolayısı ilə Rusiya ilə təcili siyasi-diplomatik danışıqlar masası arxasına oturmaq məcburiyyətindən dəm vurur:"Bu isə o deməkdir ki, müəyyən mənada Moskvanın şərtləri qəbul olunmalıdır. İndi Rusiya  deyil, məhz Ukrayna əks-hücum fəaliyyəti ərəfəsindədir. Xersonun itirilməsi Putin  hakimiyyətinin laxlaması olacaq. Kissincer belə bir vəziyyətdə böyük təhlükələrdən danışmaqla dolayısı ilə Qərbə mesaj verir ki, istədiklərindən vaz keçməklə bağlı Kiyevə təzyiq etsinlər. Kissincer müharibənin nəticəsinin hansı şəkildə olacağını söyləsəydi, daha doğru olardı. Ancaq açıqlamasından göründüyü kimi, bunu dediyi ifadələrin içində gizlətməyə çalışıb. "Ukraynanın dövlət olacaq” ifadəsi o deməkdir ki, Rusiya istədiyi hədəfə çata bilməyəcək.  Ukrayna ən azından 23 fevrala qədər olan sərhədini bərpa edəcək. Rusiya məğlub olacaqsa, deməli bu ölkədə siyasi dəyişiklik baş verəcək. Bu da başqa bir mənzərə, başqa bir dövlət, başqa bir idarəetmə anlamına gəlir. Kissincerin vurğulamaq istədiyi bundan ibarətdir”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook