"Hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq" - "BP-Azerbaijan"
Oktyabr 07
17:00
2020
"Biz Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq".
Bu barədə "Report"un sorğusuna cavab olaraq "BP-Azerbaijan" şirkətindən bildirilib.
"Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac və Cənubi Qafqaz Qaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.
Bir daha biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq", - şirkət bəyan edib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Ermənistanın silahlı qüvvələrinin Yevlax rayonu ərazisində BTC neft kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb. Hazırda ixrac kəməri əvvəlki kimi fəaliyyətini davam etdirir, amma hadisə ilə bağlı cinayət işi başlanılıb.
"Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya edilmiş əlavə Protokolların tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.