SON XƏBƏR

Hərrac bazarında dəllallar "at oynadır" - “Müsabiqənin nəticəsi tərəflərin etdiyi “hörmət” əsasında müəyyən olunur"

Aprel 01
16:24 2022
İxtisaslaşmış Əmtəə Birjasının hərraclarda iştirak etmək hüququ varmı?

Azərbaycanda problemli kreditlər, vergi borcları, ailə-məşiət müstəvisində ortaya çıxan problemlər və digər məsələlərlə bağlı saysız-hesabsız əmlak hərracları keçirilir. Məhkəmə qərar verdikdən sonra girovda olan əmlaklar satılır, yaxud Dövlət Vergi Xidməti borclunun əmlakını siyahıya alır, ödəniş olmadığı təqdirdə onu hərrac yolu ilə satışa çıxarır.

Onu da qeyd edək ki, girov əmlak birbaşa müsadirə oluna bilməz, əvvəlcə qanunvericiliyin tələbinə uyğun olaraq hərrac keçirilməldir. Amma bu hərraclar necə keçirilir, bu sahədə qanunlar necə işləyir? Bu, cavabı açıq qalan suallardandır və ciddi araşdırmaya ehtiyacı olan mövzudur.

Qeyd edək ki, ölkədə hərraclar əsasən "Mülki Məcəllə”nin 415-ci maddəsinə, "İcra Haqqında” Qanununun 61-ci maddəsinə, "Vergi Məcəlləsi”nin 90-cı maddəsinə və "İpoteka Haqqında” Qanunun 42-ci maddəsinə əsasən keçirilir. Qanunvericiliyin tələbinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən etibarən 5 iş günü müddətində hərracın keçirilməsinə dair KİV-də və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərir. İlkin hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməlidir. İlkin hərrac baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

"İcra haqqında" qanunun 53-cü maddəsində üzərinə həbs qoyulmuş əmlakın satılması qaydaları aşağıdakı formada müəyyən edilib: "Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır".

Hərraclarla bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, medianın diqqətindən kənrada qalmış bu sahədə ağlasığmaz qanunsuzluqlar hökm sürür. Maraqlı şəxslər, xüsusən bu prosesdə iştirak edən məmur kontingenti bu sahədən böyük pullar qazanır. Bunun mexanizmləri isə o qədər də mürəkkəb deyil:

- Hərraclar heç bir tender keçirilmədən maraqlı şəxslərə yaxın şirkətlərə həvalə edilir;

- Hərraca çıxarılan əmlak dəyərindən aşağı həddə qiymətləndirilir və bu zaman partnyor şirkətlərin xidmətindən istifadə edilir;

- Hərraclara ancaq əmlakı alacaq maraqlı şəxs və onun təqdim etdiyi saxta rəqiblər buraxılır;

- Bir neçə hərracın "baş tutmadığı" elan edilir və əmlakın dəyəri hər dəfə süni şəkildə aşağı salınır. Nəticədə ev, avtomobil, obyekt və s. kimi qiymətli əmlaklar bir qrup tərəfindən dəyər-dəyməzinə, qəpik-quruşdan ibarət ödənişlə ələ keçirilir.
 


"İcra haqqında" Qanunun 51-ci maddəsinin 1-ci bəndində göstərilir ki, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

"İpoteka haqqında" qanunun 41.2c. maddəsində də göstərilir ki, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir.

"İcra haqqında" qanunun 53.2 maddəsində isə göstərilir: "Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır".

Amma qanunun bu normalarına əksər hallarda əməl edilmir. Məsələn, hərraclarda fəal iştirak edən İxtisaslaşmış Əmtəə Birjası 25.08.2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Cəmi 7 aydır fəaliyyət göstərən bu şirkətin qanuni təmsilçisi Fərzəliyev Tahir Sultan oğludur. Qanuna istinad etsək, bu şirkətin hərraclarda iştirakı mümkün deyil, çünki tələb olunan 5 illik təcrübəsi yoxdur. Ancaq buna məhəl qoyulmur.
 


Bu sahədə mövcud vəziyyəti "AzPolitika.info"ya şərh edən hüquqşünas Əkrəm Həsənov bildirdi ki, qanunvericlikdə müəyyən boşluqlar olduğundan, bu sahədə korrupsiya və qanunsuzluq üçün əlverişli şərait yaranır: "Hərraclar İcra Haqqında Qanuna görə keçirilir. Amma bu sahədə birmənlı qərarlar yoxdur. Məsələn, hərracın nəticələri bəzi hallarda yalnız hərrac təşkilatı tərəfindən təsdiq olunur. Bəzən isə bunu icra məmuru təsdiq edir. Qanunda göstərilmir ki, İcra məmurunun da burada imzası olmalıdır, ya yox. Amma məntiqlə fikirləşsək, icra məmuru imza atmalıdır. Çünki bu hərraclar icra məmurunun sifarişi əsasında keçirilir. Bu boşluqdan sui-istifadə halları olduqca yüksəkdir. Məsələn, İcra məmurları burada ikibaşlı oyun oynayırlar. Qanunsuz hərrac keçirilən zaman sənədə imza atmırlar və deyirlər ki, bu məsələ onların səlahiyyətləri xaricindədir. Hərrac təşkilatları isə məsuliyyəti öz üzərindən ataraq deyirlər ki, onlar sifariş əsasında hərrac keçirirlər. Hərracın qanuni olub-olmaması onları maraqlandırmır”.
 


Hüquqşünas qeyd edir ki, bu sahədə baş verən özbaşınalıqlarla yanaşı, digər ciddi problemlər də var: "İlk növbədə bu sahədə inhisarçılıq mövcuddur. Yəni hərraclar bir neçə hərrac şirkətinin əlində cəmləşib. İcra məmurları heç bir tender müsabiqəsi keçirmədən bu işləri hərrac təşkilatlarına verirlər. Ona görə də sağlam rəqabət mühiti pozulur. Ancaq Dövlət Satınalmaları Haqqında Qanuna görə əvvəlcə tender keçirilməlidir. Hər halda aydındır ki, bu hərrac təşkilatlarının arxasında iri məmurlar durub. İkincisi, qanuna görə hərracda ipoteka satılan zaman əvvəlcə o, məhkəmənin müəyyən etdiyi qiymət əsasında satışa çıxarılır. Satılmadıqda qiymət 15 faiz, ikinci hərracda isə 10 faiz aşağı düşür. Heç kim almadığı təqdirdə həmin hərracı bank öz adına keçirə bilir. 

Qanunda olan bu boşluq böyük korrupsiya mənbəyi yaradır. Hər iki tərəf bank və borcalan məhkəmə əsasında qiymətin müəyyən edilməsində marqlıdırlar. Bank çalışır ki, qiyməti mümkün qədər aşağı çəksin və daha sonra onu dəyər-dəyməzinə öz adına keçirsin. Borcalan isə əksinə, maraqlıdır ki, onun girov qoyduğu əmlakın qiyməti daha da şişirdilsin və real qiyməti hərracdakından yükəsk olsun ki, banka sərf etməsin. Çünki bank bu qiymətlə əmlakı adına keçirərsə borc alan tərəfə əlavə ödəniş etməlidir.

Tutalım ki, bankın borcu 100 min manatdır. Əmlakı 150 min manata adına keçirsə artıq məcburdur ki, borcalan tərəfə aradakı fərqi ödəsin. Qanuna görə bank əmlakı adına keçirmirsə, girovdan azad olunur. Ona görə də bu prosesdə məhkəmə, icra məmurları, qiymətləndirici şirkətlər və tərəflər olduqca maraqlıdırlar. Müsabiqənin nəticəsi isə tərəflərin etdiyi "hörmət” əsasında müəyyən olunur".

Hüquqşünas qeyd edir ki, xarici ölkələrdə keçirilən hərraclar zamanı hər kəs əmlakı belə müsabiqələrdə almağa çalışır: "Azərbaycanda bu proses qeyri-şəffaf olduğu üçün heç kim hərracda iştirak etmək istəmir. Çünki qeyri-şəffaf keçirilir, qiymətlər qeyri-real olur və s. Hesab edirəm ki, əmlakı bank aşağı qiymətlə öz adına keçirməməlidir və müsabiqələr qiymət aşağı düşə-düşə davam etməlidir”.
 
Mənbə: Azpolitika.az
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook