Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb (FOTO)
Dekabr 27
19:29
2015
Dekabrın 26-da Heydər Əliyev Mərkəzində "Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu bildirib.
O deyib: "Bizim üçün ən önəmli məsələlərdən biridir ki, məhz bu Mərkəzdə dünya şöhrətli sənətkarların əsərləri nümayiş olunur, ən məşhur sərgilər burada təqdim edilir. "Baburnamə” miniatürlərindən ibarət sərginin təşkili ciddi mərhələlərdən keçib. Bu sərginin Azərbaycana gətirilməsində bütün komanda üzvləri böyük səy göstərdi. Bu layihənin həyata keçirilməsinə dəstəyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürümü bildirirəm”.
Sərginin 2015-ci ildə Heydər Əliyev Mərkəzinin yekun tədbiri olduğunu deyən A.Ələkbərov qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edib. Diqqətə çatdırıb ki, qarşıdan gələn bayram günlərində Mərkəzin qapısı ziyarətçilərin üzünə açıq olacaq.
Sonra Rusiyanın Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərgi haqqında məlumat verib.
Bildirib ki, ekspozisiyadakı "Baburnamə” əsərinə çəkilmiş 57 miniatür Muzey tərəfindən ilk dəfədir nümayiş etdirilir.
A.Sedov deyib: "Bu kolleksiya bütünlükdə ilk dəfədir vətənini – Rusiyanı tərk edərək xaricdə nümayiş olunur. Çox şadam ki, dünyada ilk dəfə bu kolleksiyanı nümayiş etdirmək imkanı Bakıda yaranıb. Bakı son 2-3 ildə mənim sevimli şəhərlərimdən olub. Mən Şərqə çox səyahət etmişəm. İki il əvvəl Bakıya gəldim və şəhərə, insanlarının mehribanlığına valeh oldum. Əziz bakılılar, çox şadam ki, bu sərgi sizin qarşınızda, sənətsevərlərin qarşısında təqdim edilir. Məlumdur ki, Şərq miniatürü məktəbi – Təbriz məktəbi və ya Azərbaycan məktəbi dünyada aparıcı olub və bu gün də məşhurdur. Düşünürəm ki, o dövrə aid təqdim edilən "Baburnamə” sərgisi də sizin üçün maraqlı olacaq. Bu sərginin qısa müddətdə Azərbaycanda təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm. Biz heç gözləmirdik ki, ölçü baxımından kiçik olan bu əsərlər bu möhtəşəm məkanda bu dərəcədə gözəl görünəcək. Ümidvaram ki, sərgi sizin üçün maraqlı olacaq”.
Məlumat verilib ki, Moğol imperiyasının banisi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı "Baburnamə” türk və İslam ədəbiyyatında memuar janrında ilk əsərdir. Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.
"Baburnamə” 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib. Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.
Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonuncu onilliyində Baburun nəvəsi Əkbər şahın Aqra və ya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.
Qeyd edək ki, Şərq ölkələrində orta əsrlərdə miniatür sənəti məşhur olub və əsasən klassik irsin görkəmli nümayəndələrinin əsərləri əsasında yaradılıb.
Bəzi şifahi məlumatlara görə, həmin miniatürləri rus mesenant Aleksey Morozov 1906-cı ildə Nijni-Novqorodda yarmarkada fars tacirlərindən alıb, daha sonra isə onlar Şərq incəsənət abidələrinin kolleksiyaçısı Pyotr Şukinə keçib. Hazırda həmin miniatürlər Moskvada Dövlət Şərq Muzeyində qorunur.
Ümumilikdə 57 vərəqdən ibarət kolleksiya ilk dəfə 1960-cı ildə Semen Tülayevin albom-kataloqunda nəşr edilib.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.