SON XƏBƏR

Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraş Xorxe Marinin sərgisi açılacaq

Oktyabr 25
12:48 2016
Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin "Varlığın canlanması” adlı fərdi sərgisi açılacaq.
 
AZƏRTAC xəbər verir ki, ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.
 
"Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: "İnsan cəmiyyətdə”, "İnsan kosmosda” və "İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, "özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.
 
53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə, bu material onun yaradıcılığının səciyyəvi elementinə çevrilib. Xorxe Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölçülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub.
 
Xorxe Marin 250-dən çox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Türkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta-Rika, Panama, El Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib.
 
Heydər Əliyev Mərkəzində sərgi 2017-ci il martın 31-dək davam edəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook