Hinduşah Naxçıvani kimdir?
Mart 09
12:04
2016
Hinduşah ibn-Səncər Naxçıvani
Naxçıvani Hinduşah, ibn Səncər ibn Abdullah əs-Sahibi əl-Girani ən-Naxçıvani (1245, Giran - 1328) - tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Bağdadın Müstənsəriyyə mədrəsəsində oxumuşdur.
Naxçıvani 1275-ci ildə qardaşı, Kaşan hakimi Seyfəddövlə Əmir Mahmudun naibi olmuş, daha sonra Müstənsəriyyə mədrəsəsində müdərris işləmişdir. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddİn Katibinin məntiqə dair "Came əd-dəqaiq fi kəşf əl-həqaiq" əsərinin üzünü köçürmüşdür. Əsrin sonlarında maliyyə sistemində çalışmış, bir sıra vilayətlərin hakimi olmuş, görkəmli dövlət xadimi kimi tanınmış və "Fəxr əd-dövlə" ləqəbi almışdır. Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir.
Naxçıvani türk, ərəb, fars, eləcə də pəhləvi (orta fars) dillərini mükəmməl bilmiş, dərin məlumata malik olması, uzaqgörənliyi, ədəbi zövqü ilə diqqəti cəlb etmişdir. O, fəlsəfə, nücum, riyaziyyat və s. elmlərlə də məşğul olmuş, tərcümələr etmişdir. Müasiri Sədi Şirazi kimi, fars dilində səlis və gözəl nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır.
Onun ərəb dilində yazdığı "Məvarid əl-ərab"' antologiyası 1307-ci ildə Təbrizdə tamamlanmışdır. Ərəb xəlifələrinin həyatından, dövrlərindən, onların vəzirlərindən, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən "Təcarüb əs-sələf' ("Sələflərİn təcrübələri") əsəri isə 1324-cü ildə tamamlanmış və Böyük Lur atabəyi Nüsrətəddin Əhməd bin Yusif şaha (1295-1330) ithaf olunmuşdur.
"Təcarüb əs-sələf əslində, ərəb alimi İbn Təqtəqinin "Əl-Fəxri" əsərinin fars diIinə tərcüməsi kimi tanınır. Lakin Naxçıvani həmin əsəri fars dilinə səlis tərcümə etməklə yanaşı, onun bəzi hissələrini atmış, özündən çoxlu əlavələr etmiş, əsəri təkmİlləşdirmiş və son nəticədə əsər ərəb variantından 3 dəfə böyük həcmdə başa çatmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan "Təcarüb əs-sələf”də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumata təsadüf olunur.
Muəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni (1225-83) tərəfindən layiqli xanəgah tikildiyini və ona əmlak vəqf olunduğunu göstərir. Naxçıvaninin Naxçıvana olan həsrəti onun həmin diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir.
Naxçıvaninin "Sihah ül-əcəm" adlı əsəri farsca-azərbaycanca lüğətdir. 21 bab, 393 fəsildən ibarət bu lüğət 3 hissədən- müqəddimə (ərəb dilində), lüğət və fars dilinin qrammatikasından (ərəb dilində) ibarətdir. Burada digər lüğətlərə nisbətən ən çox fars sözü (5117) və onların qarşılığını ifadə edən təxminən 10.000-ə yaxın Azərbaycan sözü verilmişdir. Əsər 13-14-cü əsrlərdə Azərbaycan, eləcə də fars dillərinin leksikasını və qrammatikasını öyrənmək üçün qiymətli mənbədir.
Qlobal.az