SON XƏBƏR

Holokost qurbanlarının xatirəsi Kiyevdə yad edilib

Fevral 01
18:02 2018
Kiyevdəki "Ukraina” Milli İncəsənət Sarayında Holokost qurbanlarının Beynəlxalq Xatirə Gününə həsr edilmiş "Altı milyon ürək” adlı xatirə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Ümumukrayna aksiyasında Ukraynanın dövlət xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ukrayna xalq deputatları, din xadimləri və ictimai xadimlər, habelə jurnalistlər iştirak ediblər.

Xatirə mərasimini Ümumukrayna "Altı milyon ürək” aksiyasının təşkilatçısı, Ukrayna Yəhudi Forumunun prezidenti Roksana Qamarnik-Monastırskaya açıb. O, Ukrayna yəhudilərinin tarixinin faciəli səhifələri, habelə Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Ümumukrayna aksiyası barədə məlumat verib.

Ukrayna Prezidenti Pyotr Poroşenkonun, Ukrayna Ali Radasının sədri Andrey Parubinin, habelə, ölkənin baş naziri Vladimir Qroysmanın mərasim iştirakçılarına müraciətlərinin mətni oxunub.

İkinci Dünya müharibəsi dövründə həlak olmuş 6 milyon yəhudinin xatirəsinə ehtiram əlaməti olaraq, tədbirin təşkilatçılarının təklifi ilə 6 ədəd rəmzi şam yandırılıb. Şamların yandırılması mərasimində Ukraynanın mədəniyyət naziri Yevgeni Nişşuk, İsrail dövlətinin Ukraynadakı səfiri Eliav Belotserkovski, Almaniyanın Ukraynadakı səfiri Ernts Rayxel, ABŞ-ın Ukraynadakı səfirliyinin əlaqələndiricisi Pomela Tremond, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev və başqaları çıxış ediblər.

Xatirə mərasimi Ukraynadakı Yəhudi Fondunun, Ukrayna Millətlər Assambleyasının, Ukraynadakı İsrail Mədəniyyət Mərkəzinin və İsrail dövlətinin Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna Yəhudi Forumu tərəfindən təşkil edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook