“Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı olub
Mart 04
13:39
2016
Naxçıvan şəhərindəki "Gənclik” Mərkəzində Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanski haqqında "Salnamə” Sənədli Filmlər Studiyası və Sankt-Peterburqun "Lennauçfilm” kinostudiyası tərəfindən çəkilən "Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Azərbaycanın qədim Naxçıvan torpağının görkəmli şəxsiyyətlər, sərkərdələr yetişdirdiyini deyib.
Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu şəxsiyyətlərin yubileyləri keçirilir, həyat və fəaliyyətləri öyrənilir və təbliğ edilir, onlar haqqında sənədli filmlər hazırlanır, kitablar nəşr olunur. Belə şəxsiyyətlərdən biri də Hüseyn xan Naxçıvanskidir.
Ötən müddət ərzində görkəmli sərkərdənin həyat və fəaliyyətinə həsr olunmuş bir sıra tədbirlər keçirilib, Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı” kitabı Azərbaycan dilinə tərcümə olunub, 2 min nüsxə ilə nəşr edilərək geniş oxucu kütləsinə çatdırılıb. Təqdimatına toplaşdığımız film də bu istiqamətdə görülən işlərin davamıdır.
Qeyd edilib ki, Azərbaycanda məşhur hərbi xadimlər ailəsi kimi tanınmış Naxçıvanskilər nəslinin yetirməsi olan Hüseyn xan Naxçıvanski şərəfli döyüş yolu keçib, gənc nəsil üçün vətənpərvərlik nümunəsi yaradıb. O, süvari alayındakı 20 illik xidməti zamanı kornetdən polkovnikə qədər yol keçib, rus-yapon müharibəsində 2-ci Dağıstan Süvari Alayına komandanlıq edib. Müharibədən sonra rus ordusunun şöhrətli alaylarına - Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarına rəhbərlik edib.
Birinci Dünya müharibəsinin ilk günlərindən Hüseyn xan Naxçıvanski diviziya və süvari korpusların komandiri kimi ön cəbhədə olub, döyüş tapşırıqlarını şərəflə yerinə yetirib, əlahəzrətin general-adyutantı rütbəsinə qədər yüksəlib. Hüseyn xan Naxçıvanski öz igidliyi, hünər və rəşadəti ilə şanlı səhifələr yazıb.
Rəhman Məmmədov deyib ki, ömrünün sonunadək hərbi andına sadiq qalan Hüseyn xan Naxçıvanski 2-ci dərəcəli "Müqəddəs Aleksandr”, "Müqəddəs Georgi” ordeninin 3-cü və 4-cü dərəcələri, "Müqəddəs Vladimir”, "Müqəddəs Stanislav” ordenlərinin bütün dərəcələri, "Müqəddəs Anna” kimi ən yüksək orden və medallar ilə təltif edilib. Hüseyn xan Naxçıvanskinin şərəfli adı rus və Azərbaycan xalqlarının yaddaşında bu günədək əsil qeyrət, hünər və sədaqət rəmzi kimi yaşayır. Onun kimi görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti gənclər üçün bir nümunədir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə” Sənədli Filmlər Studiyası və "Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan "Hüseyn xan Naxçıvanski. Qayıdış” filmi bu baxımdan əhəmiyyətli və dəyərlidir. Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan filmdə tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunub. Bu film görkəmli sərkərdənin həyat və fəaliyyətini yaşatmaqla bərabər, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri görkəmli sərkərdənin zəngin və kəşməkəşli həyat yolunu əks etdirən ekran əsərinin hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirib.
Tədbirdə "Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Anton Smirnovun, "Salnamə” Sənədli Filmlər Studiyasının direktoru Nazim Hüseynovun çıxışları olub. Çıxışlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və sənədli filmin ərsəyə gəlməsində köməyi olan qurumlara minnətdarlıq ifadə edilib.
Sonra "Hüseyn xan Naxçıvanski. Qayıdış” filmi nümayiş etdirilib. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Qlobal.az