İcra başçısı pandemiya ilə bağlı bağçada yoxlama apardı: Özü qaydaları pozdu (FOTO)
Dekabr 18
10:14
2021
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasına ayaqqabı ilə daxil olması müzakirələrə səbəb olub.
Qaynarinfo-nun məlumatına görə, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətinin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.
Amma Rafiq Cəlilov verdiyi tapşırıqları elə 8 saylı körpələr evi-uşaq bağçasında özü pozub. Belə ki, icra başçısı müavinləri ilə bağçaya gedib. Onlar ayaqqabı ilə uşaq otaqlarına daxil olub. Hətta uşaqların gəzdiyi xalçanın üzərinə də ayaqqabı ilə çıxıb.
Rafiq Cəlilov 8 saylı uşaq bağçasında etdiyi səhvi həmin gün getdiyi Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında təkrarlamayıb. O, müavinləri ilə birgə 10 saylı uşaq bağçasında keçirilən Yeni il şənliyində iştirak edib. Bu dəfə onlar bağçaya ayaqqabılarının üzərinə selofan paket keçirməklə daxil olublar.
Qlobal.az