SON XƏBƏR

İcra başçısı öz rahatlığı üçün əsas prospektə şlaqbaum qoydurdu (FOTOLAR)

Avqust 12
13:05 2020
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mərkəzdən keçən və əsas gediş-gəliş yolu olan "Heydər Əliyev" prospektini bağlatdırıb. 

Bu barədə Demokrat.az-a Bərdə rayon sakinləri məlumat veriblər. 

Sakinlərin sözlərinə görə, Vidadi İsayev özünün rahat hərəkəti üçün əsas yola şlaqbaum qoydururub. Nəticədə insanların hərəkəti üçün məsafə uzanıb. Bu vəziyyət yüzlərlə sakinin ciddi narazılığına səbəb olub. 

Sakinlər deyir ki, Vidadi İsayevin öz rahatlığına görə hər gün minlərlə insan əziyyət çəkməli olur.

"Biz hər hansı iş dalınca gedib-gəlmək istəyəndə məcbur qalıb yolumuzu kilometrlərlə uzatmalı oluruq. Sırf Vidadi İsayev rahat hərəkət etsin deyə sakinlər böyük əziyyət çəkirlər. Vidadi İsayevə qədər prospekt açıq idi, insanlar çox rahat hərəkət edirdilər. Amma Vidadi İsayev Bərdəyə icra başçısı gələndən sonra prospekti bağlayıb. İndi çox çətinliklər çəkirik". 

Sakinlər icra başçısının bu hərəkəti ilə bağlı ölkə başçısına müraciət ediblər:

"Cənab Prezident İlham Əliyev, biz sakinlərin rahatlığı üçün bütün lazımı işləri görür, yaxşı yollar salınır, infrastruktur qurulur. Ancaq çox təəssüf ki, yerlərdə olan Vidadi İsayev kimi bəzi məmurlar öz rahatlıqları naminə insanlara problemlər yaradırlar, onların həyatını çətinləşdirilər. 

Bərdə rayon sakinləri olaraq sizdən xahişimiz odur ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki vəziyyətinə qaytarılmasına və icra başçısı Vidadi İsayevin burada öz rahatlığı üçün qoydurduğu şlaqbaumun tezliklə sökülməsinə köməklik göstərəsiniz. 

İndiyədək siz xalqımızı sevindirən neçə-neçə addımlar atmısınız və bu missiyanı hazırda da həvəslə davam etdirisiz. Ona görə də xalqımız hər zaman sizi xeyrxah lider olaraq görür. 

Biz Bərdəlilər hər zaman sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasəti dəstəkləmişik, sonadək də dəstəkləyəcəyik. Allah sizi qorusun!".

Sakinlərin şikayəti ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə telefon əlaqəsi saxlasaq də, zənglərimizə cavab verən olmayıb. 

Sakinlərin redaksiyamıza göndərdiyi ərazidən çəkilən fotoları təqdim edirik.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook