İcra Hakimiyyəti: Sumqayıtda sökülən qanunsuz ticarət obyektlərinə görə kompensasiya verilməyəcək(FO TO)
Yanvar 13
10:13
2016
Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin Sülh küçəsində həyata keçirilən abadlıq və quruculuq işləri zamanı söküləcək qanunsuz ticarət və xidmət obyektləri barədə açıqlama verib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Trend-ə bildirib ki, abadlıq və quruculuq işləri ilə əlaqədar Sumqayıtda sökülən qanunsuz ticarət və xidmət obyektlərinin sahiblərinə kompensasiya verilməyəcək: "Yenidənqurma işləri müasir tələblərə uyğun davam etdirilir. Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, "Ən ucuz market” adlı ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir. Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir. Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil”.
G.Əliyev deyib ki, bu baxımdan Sumqayıt şəhər İcra Hakimiyyəti həmin qanunsuz obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur.
Qurum rəsmisi bildirib ki, 170-200 obyektin söküləcəyi barədə yayılan məlumatların əsası yoxdur: "Rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir”.
Sumqayıtda fəaliyyət göstərən "Cavid” ticarət mətkəzinin də sökülməsinə münasibət bildirən G.Əliyev bu obyektin sökülməsini Sülh küçəsindəki tıxacların aradan qaldırılması ilə əlaqələndirib: "Həmin küçədə avtomobillərin qanunsuz park edilməsi yolda tıxacların yaranmasına gətirib çıxarır. Bu problemin yaranma səbəbi SSRİ dönəmindən Sülh küçəsində məhz avtomobil dayanacağı olan ərazidə "Cavid” ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən "Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq. Söküləcək obyektlər qanunsuz olduğu üçün obyekt sahiblərinə hec bir konpensasiya verilməsi nəzərdə tutulmur”.