SON XƏBƏR

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Aprel 24
08:00 2024
Xəbər verdiyimiz kimi, "Qobu Park-3” yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib.

Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib.

Eyni zamanda, hadisə yerindən "İctimai” TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında "bir balaca” fərq yarandığı üçün bərkitmə işləri aparılır: "Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır”.

Onu da xatırladaq ki, bundan əvvəl eyni problem "Qobu Park-1” və "Qobu Park-2” yaşayış massivində də yaşanıb. "Qobu Park-3”-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdiSonxeber.az

Yenicag.az-a açıqlamasında yeni tikilən yaşayış binalarının təhlükəsizlik baxımından nə qədər dözümlü olduğu ilə bağlı fikirlərini səsləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyib ki, hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın.

Onun sözlərinə görə, əgər lazımi qurumlar və strukturlar öz vəzifəsini qanunauyğun şəkildə icra edərsə, mənfi hallarla qarşılaşma ehtimalı ən aza endirilə bilər.

"Ölkəmizin seysmik zonada yerləşdiyini nəzərə alsaq, yaşayış binalarında yaşana biləcək hər hansı təhlükə yüzlərlə, bəlkə də minlərlə insanın həyatı bahasına başa gələ bilər. Yaxın müddət ərzində seysmikliyin artacağına dair proqnozlar mövcuddur. Belə olduğu təqdirdə, çoxmərtəbəli binaların dözümlülüyünə diqqət daha çox artırılmalıdır. Həmçinin indiyə qədər müəyyən səhvlər varsa, mütləq aradan qaldırılmalıdır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, sözügedən məsələlərin araşdırılması və qarşısının alınması üçün bir neçə dəfə komissiyanın yaradılması barədə təkliflər irəli sürülüb:

"Aidiyyatı qurumlarla yanaşı ictimaiyyət nümayəndələrindən təşkil olunacağı bu komissiya mənfi tendensiyaların qarşısını ala bilər. Tikinti üzrə qurumlar heç bir halda qayda pozuntusuna göz yummamalıdır. Yerindəcə həmin tikintiyə rəhbərlik edən şəxs cəzalandırılmalıdır”.

O, barəsində danışılan problemlərin bir çox zaman tikinti materiallarının keyfiyyətsizliyi, eyni zamanda, mühəndis-layihə işlərinin lazımi tələbləri qarşılamadığı hallarda baş verdiyini vurğulayıb:

"Hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın. Ən azından qardaş Türkiyənin yaşadığı acı praktika bizlər üçün nümunə olmalıdır. Lazımi tədbirlər görülməzsə, çox təəssüf ki, həmin taleyi biz də gözləyirik”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook