SON XƏBƏR

İƏT-in 27-ci toplantısının Şuşada keçirilməsi dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına olan marağın artması baxımından əlamətdardır

Oktyabr 12
14:38 2023
Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərindən biridir. Bu baxımdan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də təbiidir. Çünki bu gün dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına olan marağı günü-gündən artır. İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Toplantısının Şuşada keçirilməsi də bu baxımdan əlamətdardır. Sözsüz ki, bu təşkilat dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrini öz ətrafında birləşdirir ki, onlardan biri də Azərbaycandır. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin toplantı iştirakçılarına ünvanlanmış məktubunda toxunduğu mühüm məqamlar gələcək əməkdaşlığa, regionun və region ətrafındakı dövlətlərin iqtisadi tərəqqisinə işıq salır.
           
Cənab Prezident Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və bu təşkilat çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha bəyan etdi və təşkilatda birləşən dövlətlərin nəhəng iqtisadi potensialından daha səmərəli istifadə üçün real imkanlara malik olduğunu bildirdi. İlham Əliyev bununla da Azərbaycanın əməkdaşlığa açıq ölkə olduğunu bir daha təsdiq etmiş oldu.

Azərbaycanın son illər və son həftələrdə yaşadığı əlamətdar tarixi günləri xatırladan Prezident İƏT-in Şuşa şəhərini 2026-cı il üçün turizm paytaxtı elan etməsini də xüsusi vurğulayaraq bildirdi ki, bu qərarı qəbul etməklə İƏT kimi bir nüfuzlu təşkilat Azərbaycanın haqq işinə mənəvi dəstək verib.

Prezidentin toplantıya ünvanladığı məktubunda Azərbaycanın bütün ərazilərində öz suverenliyini bərpa etməsini, Qarabağda 30 il mövcud olan "boz” zonanın aradan qaldırılmasını, separatizmə son qoyulmasını beynəlxalq hüququn və ədalətin təntənəsi kimi qeyd etməsi gələcək rifahın özülü kimi dəyərləndirilə bilər.

Azərbaycanın regional məsələlərin məhz region ölkələrinin dominantlığı ilə həllinə tərəfdar olduğunu və 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü yada salaq. Bu o deməkdir ki, Azərbaycan regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi tərəqqinin bir hissəsi olmasına tərəfdardır. Ancaq bunun üçün yaranmış tarixi fürsətdən yararlanmaq və sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Bu müqavilə təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli olmayacaq. Bu sülh müqaviləsi Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi fürsət verir.

Bu gün Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyətlidir. Həyata keçirilən layihələr bölgənin  logistika imkanlarına yeni nəfəs verəcək. Dəmir yolu xətləri, şose yolları Şimaldan Cənuba, Şərqdən Qərbə doğru uzanan logistik arteriyaların əsas qovşağı olacaq. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.

Cənab Prezident görülən quruculuq və bərpa işlərində qardaş ölkələrin dəstəyini də heç zaman unutmur. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.

Bu gün hamıya bəllidir ki, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

Cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma olduğunu bir daha bildirməklə Nazirlər Şurasının 27-ci iclasının Şuşada keçirilməsinin ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafına töhfə verəcəyini ifadə etdi. Regionun inkişafına işıq salan Şuşa toplantısının ən ciddi nəticəsi odur ki, inkişaf və çiçəklənmə üçün daima irəliyə baxmaq, daima çalışmaq lazımdır. Bunun ən bariz nümunəsini isə cənab Prezident başda olmaqla Azərbaycan dövləti göstərir.   
 


Ramil Gülməmmədov,
Salyan rayon Xıdırlı kənd tam orta məktəbin direktor əvəzi, YAP fəalı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook