İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
Noyabr 04
23:20
2023
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq
Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət
xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın "Şöhrət” medallı Əməkdar
mədəniyyət işçisi İsgəndər Sultanov imzaladıqları sənədə əsasən nəzərdə tutulan
əməkdaşlıq fəaliyyətləri ilə bağlı məsələləri müzakirə ediblər. Bura iki
türkdilli ölkə arasında birgə yaradıcılıq layihələrinin, qarşılıqlı qastrol səfərlərinin,
o cümlədən teatr sənəti sahəsində yaradıcı heyətlərin təcrübə mübadiləsinin təşkili,
teatr sənətinin aktual problemlərinə dair məsləhətləşmələrin aparılması və s.
daxildir.
Bu memorandumu Musiqili
Teatrla özbək teatrları arasında uğurlu əməkdaşlığın davamı hesab edən Əliqismət
Lalayev söhbət əsnasında Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı, Muqimi
adına Özbəkistan Dövlət Musiqili Teatrı və Namanqan Vilayət Musiqili Dram və
Komediya Teatrı ilə mövcud əlaqələrdən də danışıb.
Onu da qeyd edək
ki, Səmərqənd Vilayət Musiqili Dram Teatrı Ümummilli lider Heydər Əliyevin 100,
Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150, TÜRKSOY-un 30 illik
yubileyləri, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi şərəfinə ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr
Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində
"Leyli və Məcnun" tamaşasını uğurla nümayiş etdirib.
Qlobal.az