İki şairdən oğurluq edən qızdan ilginc – Faktlar
Yanvar 28
12:02
2016
Məni günahsız olduğum bir məsələyə görə ölümlə hədələyirlər. Onları anlayıram, amma xalq da məni başa düşsün, kitabda olan şeirlərin mənə aid olmasına dair sübutlarım var.
Bu sözləri Məmməd Araz və Nüsrət Kəsəmənli kimi tanınmış şairlərin şeirlərini oğurlamaqda ittiham olunan Pünhanə Əliyeva Axar.az-a danışarkən deyib. O, yaxın günlərdə həqiqətin üzə çıxacağına inandığını bildirib:
"Həmin şeirləri kitaba redaktor Nəcibə İlkin daxil edib. O vaxt Tərtərdən deputatlığa namizədliyimi irəli sürmüşdüm, bu kitab da piar məqsədi ilə çıxmışdı. Camaat məni hədələyir, məni vətəndaşlıqdan çıxartmaq istəyir. Oğurluq ittihamlarına aidiyyəti orqanlar aydınlıq gətirəcək, mən də azərbaycanlı qızıyam, sizlərdən biriyəm, xahiş edirəm, gözləyin, haqq-ədalət yerini tapsın. Məsələ ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyəm”.
Pünhanə Əliyeva məhkəməyə müraciət etdiyini də deyib"Mənim əlyazmalarım, sübutum var ki, hansı şeirlərin müəllifiyəm və hansılar sonradan əlavə olunub. Sizi əmin edirəm, mən kiminsə şeirini oğurlamamışam və elə bir niyyətim olmayıb, olmayacaq da! Səhvimi bilirəm, məsuliyyətsizlik etmişəm, amma o insana ana deyib etibar etdim ki, mənim şeirlərimdən kitab hazırlasın. O da başıma belə oyun açdı. Əminəm, hər şey qaydasına düşəcək, siz də görəcəksiniz ki, bilərəkdən bu səhvə göz yummamışam. Hər halda göz yummuş olsaydım, öz əlimlə kitabımı aparıb məhkəmə orqanlarına, ya da vəkillərə təhvil verməzdim”.
Qeyd edək ki, Pünhanə Əliyeva "Mən varam” kitabında Nüsrət Kəsəmənli və Məmməd Araz kimi tanınmış şairlərə aid şeirləri öz adına çıxmaqda günahlandırılır.
Qlobal.az