İkitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib
Avqust 16
11:22
2016
İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük rəsmilərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şərqi Azərbaycan Vilayəti gömrüklərinin rəisi Ələsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində görüş keçirilib. Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım da iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.
Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdən məmnunluğunu ifadə edərək, İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
Heyətlərarası görüşdə ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrində mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, gömrük nəzarətində "bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin müntəzəm təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.
Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikanın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal edilən mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib.
Qlobal.az