İlham Əliyev BP-nin yeni baş icraçı direktorunu qəbul edib
Mart 13
13:58
2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
Mürrey Aukinklos İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi.
Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanın 30 ildə qazandığı nailiyyətlər münasibətilə də təbriklərini çatdırdı, bu müddətdə ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin iqtisadiyyatımızın inkişafına yönəldilməsinin önəmini vurğuladı. Mürrey Aukinklos Azərbaycan ilə BP-nin əməkdaşlığını məmnunluqla qeyd etdi.
Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunuldu, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edildi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il BP şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulandı.
Söhbət zamanı BP ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
Qlobal.az