SON XƏBƏR

Çin-İran razılaşmasından Azərbaycan necə yararlana bilər (ŞƏRH)

Mart 31
13:39 2021
Son günlər Çin-İran sazişi dünya mediasinin əsas müzakirə mövzularından biridir. 

Qaynarinfo xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Çinin İranla anlaşmasını ABŞ-ın xarici siyasətində uğursuzluq kimi qiymətləndirib:

"Obama dövrünün son aylarında "altılıq sazişi” imzalandı, İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların götürülməsi gündəmə gəldi. Məqsəd çox aydın idi: ABŞ və Avropa Birliyi (AB) İrana qarşı sanksiyaları götürür, xam İran bazarı Qərb şirkətlərinə açılır, yeni neft-qaz müqavilələri bağlanılır, yeni istehsal sahələri yaradılır, 81 milyonluq İran bazarı Qərbə açılır. Əvəzində isə ABŞ-AB Rusiyaya qarşı daha sərt mövqe qoymalı, AB ölkələri Rusiya bazarında itərəcəklərini İranda geri qaytarmalı idilər. Amma Tramp bütün oyunu pozdu, İrana qarşı sanksiyalar daha da sərtləşdirildi, AB şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi – "altılıq sazişindən” həmən sonra Qərb şirkətləri İranla 200 mlrd. dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər. 

ABŞ-ın İran siyasəti uğursuz oldu, böyük boşluq yarandı, ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başladı, Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addım atdı. Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 mlrd. dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır – yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin günə 13,5 mln. barel neft istehlak edir, bu həcmin 6-6,5 mln. barelini Çin özü ərazisində hasil edir, günə 7-7,5 mln. barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tətbiqindən sonra İran günə 6 mln. barelə yaxın neft hasil edə, onun 4-4,5 mln. barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10% aşağı olacaq, bu, Çin üçün çox böyük üstünlükdür. İran üçün də, təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də "discount” etməyə məcbur qalacaqlar”.

İqtisadçı Çin-İran anlaşmasının Azərbaycana da fayda verəcəyi fikrindədir: 

"Məmləktimiz bu müqavilədən ciddi dividentlər qazana bilər - Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Amma əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bu, təzyiqlərdən sığortalanmaq üçün mühim rol oynaya bilər. Yeri gəlmişkən, heç Rusiya da bu müqavilədən razı deyil, çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır – İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir – müqaviləyə görə, Çin Benderebas limanini da modernləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək. İran qaz ehtiyatlarına görə dünyada 1-ci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkə olacaq. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər.  

Bir sözlə, regionumuzda maraqlı proseslər gedir, Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 mlrd. dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”. 

Politoloq Şahin Cəfəli isə hesab edir ki, Çinin İranla razılaşması rəsmi Pekinin maraqlarına daha çox cavab verir: 

"Bu razılaşma daha çox niyyət protokolu xarakteri daşıyır. Yəni ortada konkret anlaşmalar hələ ki yoxdur. 25 ilə 400 milyard dollar da İran kimi dövlət üçün çox azdır. Təbii ki, Çin 2-ci böyük güc kimi öz maraqlarını təmin etməyə yönəlmiş xarici siyasət aparır və aparacaq. O cümlədən də İran. Amma Çin-İran müttəfiqliyindən, İranın Çinin təsir sferasına keçməsindən danışmaq çox tezdir. İran rejimi milli suverenliyə böyük önəm verir və kiminsə nüfuz dairəsinə girmək istəməz. İran çox yaxşı bilir ki, ABŞ və ya İsrail sabah ona hücum etsələr, Çin qarışmayacaq. Hətta mən deyərdim ki, Çin ABŞ-ın başının Orta Şərqdə yeni bir savaşa qarışmasında maraqlıdır ki, girəvəyə salıb, Tayvan məsələsini həll etsin”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook