SON XƏBƏR

Çin Tayvan ətrafında “cəzalandırıcı” hərbi təlimlərə başladı

May 23
12:19 2024
Çin mayın 23-də Tayvan ətrafında iki günlük "cəzalandırıcı” hərbi təlimlərə başlayıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Çin bildirib ki, Tayvan ətrafındakı ərazilərdə ordu, donanma, hava və raket qüvvələrinin iştirak etdiyi "hərbi hərəkətlər” yerli vaxtla səhər saat 7:45-də başlayıb. Onlar Tayvanın şimalında, cənubunda və şərqində Tayvan boğazında və Tayvanın nəzarətində olan Kinmen, Matsu, Vutsu və Donyin adalarının ətrafındakı ərazilərdə aparılır.

"Bu, həm də Tayvanın müstəqillik qüvvələrinin separatçı hərəkətlərinə görə ağır cəzadır və xarici qüvvələrin müdaxiləsi və təxribatlarına qarşı sərt müddəadır", - Çin rəsmiləri bildirib.

Qeyd edək ki, Çin hərbi təlimi Lay Tsinde Tayvanın yeni prezidenti vəzifəsinə başlamasından 3 gün sonra elan edib.

Xatırladaq ki, bu ilin yanvarında Tayvanda səkkizinci prezident seçkiləri keçirilib. 40,05% nəticə ilə qalib Lay Tsinde olub. O, Tayvanın müstəqilliyinin və ABŞ-la yaxınlaşmanın tərəfdarıdır.

Mayın 20-də onun andiçmə mərasimi keçirilib və çıxışı zamanı o, Çinin hərbi təhdidləri və tayvanlıları qorxutmağı dayandırmasını arzulayıb. Eyni zamanda, Çin Tayvanı öz ərazisi hesab etdiyini bildirib və Lay Tsindeni "separatçı” adlandırıb. 

Tayvanda keçirilən prezident seçkiləri ilə əlaqədar yanvarın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verərək Azərbaycan Respublikasının "vahid Çin" siyasətini dəstəklədiyini və ölkəmizin Tayvanın müstəqilliyini tanımadığını bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook