Çingiz Abdullayev: "Dünyanın harasında belə şey görünüb?!..."
Mart 02
15:18
2019
Məşhur yazıçı Çingiz Abdullayev görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyinin sökülməsinə münasibət bildirərək, bunu "özbaşınalıq” adlandırıb.
Cəfər Cabbarlı dramaturgiyamızın və kino ssenarisi sənətimizin banisidir, ədəbiyyatımızın 35 yaşında dünyasını dəyişmiş ən görkəmli xadimlərindən biridir. Lakin bu, kimisə maraqlandırırmı? Son nəhayətdə, burda nə var ki? Axı muzeyin bütün eksponatlarını yeni binaya köçürəcəklər. Düzdür, o, heç vaxt orada yaşamayıb və bu, artıq unikal şəbəkəsi və təkrarolunmaz aurası olan bir ev-muzey olmayacaq. Lakin bu, kimi narahat etməlidir? Axı nəyə görə həmişə eyni palçığa batmaq lazımdır? Nəyə görə Müşfiqin heykəlini nümayişkaranə şəkildə söküb, sonradan əvvəlki yerinə qaytarırlar? Nəyə görə keçmiş Sovetskidəki məscidi dağıdıb, sonradan bərpa edirlər? Nəyə görə Şusevin görkəmli əsərini söküb, sonra onu başqa yerdə yenidən qururlar? Qorxaqcasına susub, özünü elə aparmaq olmaz ki, guya heç nə baş vermir – bu, mümkün deyil. Bu, bizim yaşadığımız şəhərdir...”
"Bakıda Cəfər Cabbarlının ev-muzeyini sökürlər. Hamıya belə izahat veriblər ki, varisləri torpağı və evi özəlləşdiriblər, tikinti şirkətinə satıblar, indi isə onun yerində çoxmərtəbəli tikili olacaq. Muzey isə birinci mərtəbədə yerləşdiriləcək, - Çingiz Abdullayev özünün "Facebook” səhifəsində yazıb. – Görünür, bu, dünya mədəniyyətində nəsə yeni bir şeydir ki, yazıçının bir vaxtlar yaşadığı evi sökürlər və əşyalarını "yeni məkana” köçürürlər. Əgər dünyada buna uyğun nümunələr varsa, bilmək istərdim ki, harada və nə vaxt belə bir şey olub?
Cəfər Cabbarlı
Dünyanın bir çox ölkələrində köhnə tikililərin bərpası zamanı köhnə evlərin divarları saxlanılır ki, sonradan əsaslı təmir aparılsın. Xaqani küçəsindəki Yazıçılar İttifaqının binasında belə edilib.
İndi mənə irad bildirə bilərlər ki, sən prezidentə şikayət etməlisən. Axı nəyə görə ölkəmizdə bütün məsələləri dövlət başçısına çatdırmaq lazımdır? Bəs maaş alan və vəzifələrində oturmuş onlarla məmur bu "özbaşınalığa” nəzarət etməməlidir?
Anlayıram ki, nağd və gəlir cəmiyyətində hər şeyi pul həll edir. Anlayıram ki, varislərin ehtiyacları olub və özlərinin görkəmli əcdadlarının xatirəsini satıblar. Anlayıram ki. icazə ala biliblər. Hər şeyi anlayıram. Pul hər şeydən vacibdir. Lakin yenə də xoş deyil.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının ev-muzeyi Bakının Yasamal rayonunun İsmayıl Qutqaşınlı küçəsində yerləşir. Virtualaz.org-un daha öncə xəbər verdiyi kimi, bu ünvanda birmərtəbəli evin sökülərək, yerində çoxmərtəbəli binanın tikiləcəyi ilə bağlı məlumatı Bakı Şəhər Baş Mədəniyyət İdarəsində təsdiqləyiblər və bildiriblər ki, Cəfər Cabbarlının ev-muzeyinə aid torpaq sahəsi və tikililər 1998-2005-ci illərdə özəlləşdirilib.
Mədəniyyət Nazirliyi dramaturqun qohumlarına onların özəlləşdirdikləri evə görə kompensasiya ödəyərək, binanı yenidən öz balansına götürməyi lazım bilməyib, qərara alıb ki, Cəfər Cabbarlı üçün yeni tikilidə "ev” almaq daha sərfəlidir.