SON XƏBƏR

Çinin yeni “Ağ kitabı”: Tayvanı qaytaracayıq

Avqust 19
17:02 2022
ABŞ-ın Nümayəndələr Palatası spikeri Pelosi və ardınca daha 5 konqresmenin Tayvana səfərinə cavab olaraq, Çinin hərbi gəmi və təyyarələrinin ada ətrafında hərbi təlimlər keçirməsi vmüşahidə edilir. Vaşinqtonla münasibətlərin gərginləşməsi fonunda Pekin avqustun 10-da "Ağ kitab”ını yayınlayıb.

Qeyd edək ki, "Ağ kitab” Çinin hər iki ildən bir yayınladığı sənəddir. Bu sənəddə  Çinin növbəti illər üçün milli təhlükəsizlik strategiyası öz əksini tapır. Sənəddə  növbəti dəfə Tayvana Çinlə "bir ölkə, iki sistem” əsasında birləşmək təklif olunub. Sənədin "Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşməsi” bölməsində yazılıb ki, Tayvan Çinlə birləşməkdən imtina edərsə problem güc yolu ilə həll oluna bilər. Kitabda bu haqda belə vurğulanır:
 
"Pekin adanı Çinə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək. Pekin Tayvanın müstəqilliyinə çalışan separatçı fəaliyyətlərlə heç zaman barışmayacaq. Çin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün möhkəm qətiyyət nümayiş etdirməyə hazırdır”.

Tayvan isə bu fonda həm Pekinin "Ağ kitabını”, həm də "bir ölkə, iki sistem” prinsipini rədd edib. Tayvanı idarə edənlər "Honkonq nümunəsi”nə müraciət ediblər. Honkonq "bir ölkə, iki sistem” əsasında Çinlə birləşdikdən sonra Pekinin artan təlimatlarını yerinə yetirmək məcburiyyətində qalıb. Bu, Honkonqda küçə  yürüşlərinin və etirazların alovlanmasına səbəb olub. 

Beləliklə, Pekinin dərc etdiyi "Ağ kitab” göstərir ki, Çin Tayvan adasını özünə  birləşdirməkdən vaz keçən deyil. Bu fonda açıqlanan həmin sənədə uyğun olaraq Çin hərbi gücdən istifadə edə bilərmi? Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Pekin Tayvana qarşı hərbi gücdən istifadə etməyəcək:
 
"Çin Tayvana qarşı güc tətbiq etməyəcək. Putin məcbur olaraq Ukraynaya hücum etdi. Çin rəhbərliyi isə məcbur olana oxşamır. Hərbi baxımdan Çin sözsüz ki, Tayvanla müharibəyə başlaya, bəlkə qalib də gələ bilər”. 

Amma bununla belə politoloqa görə, Pekinin son nəticədə itirəcəyi qazancından çox olacaq:"İtkilər Tayvanın Çinə birləşdirilməsindən qat-qat ağır olacaq. Çünki bu zaman Çinə qarşı da Rusiyaya qarşı tətbiq edilən kəskin sanksiyalar tətbiq olunacaq. Bu da öz növbəsində Çin iqtisadiyyatının çöküşünə gətirib çıxaracaq. Rus xalqı sanksiyalara dözür, bu ölkənin cəza orqanları güclüdür. Amma Çinin həyatı göstərir ki, vaxtaşırı orada hansısa qığılcımlar parlayır, üsyan və etirazlar baş verir. Çin Kommunist Partiyasının da mövqeyi göründüyü kimi möhkəm deyil. Cəmiyyətdə dərin ziddiyyətlər, müstəqil iqtisadi mərkəzlər var. Belə şəraitdə Qərb bazarlarını da itirməklə Çin iqtisadiyyatı və sənayesi çökəcək. Odur ki, Çinin Tayvana qarşı müharibəyə başlayacağını düşünmürəm. Əksinə, dinc yolu ilə hər iki tərəfi qane edən siyasi həll tapıla bilər”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook