İnşaat sektorunda idarəolunmaz hal
Sentyabr 27
20:42
2016
Azərbaycanın özəl tikinti şirkətlərində çalışanların orta maaşı ölkə üzrə orta aylıq əməkhaqqından 100 manat azdır.
Amma bu, heç də inşaatçıların az maaşa qane olmaları anlamına gəlmir. Ekspertlər tikinti sektorunda vergidən yayınmaya yol açan ikili mühasibatın hələ də güclü olduğunu deyirlər.
Maaş 10 faiz kəsilib?
Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, yerli özəl tikinti şirkətlərində çalışanlara yanvar-iyul aylarında, orta hesabla, 387 manat 50 qəpik əməkhaqqı hesablanıb. Hətta bir il əvvəlki göstərici ilə müqayisədə əmək haqları 10,8 faiz azalıb.
Yerli sərmayə ilə yaradılmış belə şirkətlərdə 46 mindən çox işçi çalışır. Onlar dövlət mülkiyyətində olan tikinti müəssisələrində çalışan həmkarlarından (25 min nəfər) rəsmən 133 manat 10 qəpik az maaş alırlar.
«Kağızda bir şey yazılır, başqa məbləğ ödənilir»
Vergi məqsədləri üçün işçiyə bir maaş yazıb, başqa məbləğ ödənilməsinin yenilik olmadığını söyləyən iqtisadçı ekspert Nazim Bəydəmirli AzadlıqRadiosuna deyib ki, Vergilər Nazirliyi nə qədər mübarizə aparsa da, bu mərəz başqa sektorlara da yoluxub:
«Bakı Olimpiya Stadionunun tikintisində çalışan bir qohumuma hər ay sənəd üzərində 250, əslində,min manat əməkhaqqı ödənilirdi. Başqa şirkətlər də bunun kimi. İkili mühasibata qalib gəlməyin yolunu əməkhaqqının 39 faizinə çatan gəlir vergisinin və məcburi dövlət sosial sığorta ayırmalarının Gürcüstan nümunəsində olduğu kimi, 20 faizlik vahid sosial vergi ilə əvəzlənməsində, eləcə də bu fiskal funksiyanın Vergilər Nazirliyinə həvalə olunmasında görürəm».
Tikintidə 250 manatdan az maaş var?
Diqqətçəkən hal budur ki, ölkənin əksər bölgələrindəki (dövlət və xarici investisiyalı müəssisələr də daxil) tikinti şirkətlərində çalışanların aylıq orta əməkhaqqı 250 manata da çatmır. Məsələn, Sumqayıtda tikintidə çalışanlara bu ilin 7 ayında, orta hesabla, ayda 224 manat 50 qəpik, Yevlaxda – 243 manat 70 qəpik, Şəmkir rayonunda - 248 manat 70 qəpik, Abşeron rayonunda – 216 manat 90 qəpik, Xaçmaz rayonunda - 232 manat 70 qəpik əməkhaqqı ödənilib. Ekspertlərin fikrincə, bu, tikinti şirkətlərindəki ikili mühasibatın idarəolunmaz hala gəldiyini göstərir.
Əcnəbilərin maaşı 40 faiz artıb
DSK-nın məlumatına görə, xarici sərmayəli tikinti şirkətlərində orta aylıq əməkhaqqı bu ilin 7 ayında təxminən 40 faiz artıb və 1740 manatı keçib. Bu şirkətlərdə, ortalama, 25 minə yaxın yerli və əcnəbi vətəndaş çalışır.
(Azadlıq.org)