SON XƏBƏR

İnvestisiya Holdinqinin bir ili - Böyük ümidlər bəslənən qurum hələ ki ciddi fəaliyyəti ilə yadda qalmayıb

Avqust 10
10:43 2021
Avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılmasından bir il ötdü. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı fərmanda göstərilirdi ki, məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

AİH publik hüquqi şəxsdir, onun fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Dövlət başçısının sərəncamı ilə baş nazir Əli Əsədov Şuranın sədri, prezidentin köməkçiləri Şahmar Mövsümov, Natiq Əmirov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Samir Şərifov üzvləri təyin olunub.

Müşahidə Şurasının iclasında Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanov İdarə Heyətinin üzvləri təyin edilib. Ruslan Əlixanov AİH-in baş icraçı direktoru təyin olunub.

AİH yaradılmasından təxminən 3 ay sonra onun idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiqlənib. Dövlət Neft Şirkəti, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Bakı Metropoliteni” QSC, "AzerGold” QSC, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC), "Azərsu” ASC, "Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, "Azərkosmos” ASC, "Azərbaycan Beynəlxalq Bankı” ASC, "Azər-Türk Bank” ASC, "Azəristiliktəchizat” ASC, "Təmiz Şəhər” ASC, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar – "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, "Aztelekom” MMC, "Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, "Azərpoçt” MMC, "Bakı Telefon Rabitəsi” MMC, Dövlət Sığorta Kommersiya Şirkəti AİH-in tərkibinə verilib.

Holdinqin Nizamnamə kapitalı 10 milyon manat təşkil edir və ilk 3 il ərzində dövlət büdcəsindən, daha sonra idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin ödənilməsi hesabına maliyyələşir.

Ötən bir ildə AİH-ə daxil olan dövlət şirkətlərində Müşahidə Şuraları yaradılıb, onların bəzilərinin rəhbərliyində dəyişiklik edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibindəki MMC-lər isə yenidən adıçəkilən nazirliyə qaytarılıb. Hazırda onların bəzilərinin birləşdirilməsi istiqamətində iş aparılır.

Holdinqin tabeliyindəki dövlət şirkətlərində aparılan dəyişikliyə gəlincə, "Azərsu” ASC-nin rəhbər Qorxmaz Hüseynov bu il mayın 4-də işdən çıxarılıb. Bu quruma hələ sədr təyin edilməyib. Eyni zamanda, struktur dəyişikliyinin aparılıb-aparılmayacağı da məlum deyil. "Azərsu” ASC-nin açıqladığı məlumata görə, şirkətin 7 milyard manatdan artıq zərəri var.

Holdinqin idarəetməsinə verilən SOCAR-da da kadr dəyişiklikləri aparılıb. Belə ki, şirkətin 12 vitse-prezidentindən 4-ü – Tofiq Qəhrəmanov, David Məmmədov, Bəhram İsmayılov və Mikayıl İsmayılov vəzifələrindən azad edilib. SOCAR hazırda ciddi maliyyə problemləri içərisindədir. Şirkətin özünün açıqladığı məlumata görə, 2019-cu ilə qədərki borcları 10 milyard manata yaxınlaşıb. Qurumun Dövlət Neft Fonduna, Beynəlxalq Banka və Mərkəzi Banka ümumi həcmi 2 milyard dolları keçən borcları da var. Bu il borcların 6,2 milyardının qaytarılması müddəti başa çatır.

AİH-in tərkibinə verilmiş "Bakı Metropoliteni” də zərər içindədir. Səhmdar cəmiyyətin yığılmış zərəri ötən il 12,9% artaraq 481,7 milyon manata çatıb.

Holdinqin idarəetməsindəki digər dövlət müəssisələrinin və şirkətlərinin durumu da ürəkaçan deyil. Amma müstəqil iqtisadçı ekspertlərin gözləntilərinə rəğmən, ötən bir il ərzində bu istiqamətdə ciddi addımlar atılmayıb.

Ekspertlər hesab edir ki, korporativ idarəetmə prinsiplərinin tətbiqi üçün Azərbaycandakı iri dövlət şirkətləri ilə bağlı addımlar atılmalıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korporativ idarəetmə standartlarına əsasən, dövlət müəssisələrinin ictimaiyyət üçün açıqlanan hesabatları şirkətin ümumi fəaliyyəti və onun nəticələri, dövlətdən alınmış maliyyə yardımları, dövlətdın alınmış təminatlar barədə müfəssəl informasiyaları özündə əks etdirməlidir.

Müşahidə şuraları isə şirkətin fəaliyyətinə görə əsas məsuliyyət daşıyan element kimi müəyyənləşdirilməli, strateji idarəetmə funksiyasını yerinə yetirmək, menecmentin fəaliyyətinin monitorinqini aparmaq üçün lazım olan səlahiyyətlərə, səriştəyə və obyektivliyə malik olmalıdırlar.

Azərbaycan İnvestisiya Holdinqinin 1 illik fəaliyyəti barədə hələlik müsbət fikirlər söyləmək çətindir. Bir az da gözləyək… //pressklub.az//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook