İqbal Ağazadə seçkidə iştirak etməyəcək - Səbəbini bəyan etdi
Dekabr 18
16:05
2023
Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı qərarını açıqlayıb.
Maraqlıdır ki, əvvəlki prezident seçkilərində namizədliyini irəli sürən İ. Ağazadə bu dəfə seçki prosesindən kənarda qalmaq qərarına gəlib.
Həmin paylaşımın bir hissəsini təqdim edirik: "Yaşadığımız 30 illik işğal tarixi və onun acı nəticələri bir daha sübut edir ki, ölkənin maraqları naminə hər kəs partiya və fərdi istəklərindən geri durmağı bacarmalı, tarixin verdiyi imkan və şansların düzgün dəyərləndirilməsi üçün rasional qərarlar qəbul etməlidir. Ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpası keçən 3 il ərzində məhz İlham Əliyevin siyasəti və adı ilə bağlıdır. Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır.
Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqsədəuyğun hal olardı. Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırki Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.