SON XƏBƏR

İqtisadçı ekspert: “Xarici borcun həcmi ölkə üçün təhlükəli həddə yaxınlaşır”

İyun 01
11:06 2016
"Bu il yanvarın 1-nə kimi beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10.3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcu 6.9 milyard ABŞ dolları olub”. Bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu səsləndirib. 

İqtisadçı ekspert Natiq Cəfərli də Azərbaycanın xarici borcunun həcminin sürətlə artdığını bildirir: "Əslində, Azərbaycan hökumətinin ən çox fəxr elədiyi makroiqtisadi göstəricilərdən biri bu idi ki, ölkənin xarici borcun ümumdaxili məhsula (ÜDM) olan nisbəti kifayət qədər aşağı səviyyədəydi və bu  çox pozitiv bir göstərici idi. İki il öncə xarici borcun ÜDM-dəki payı 8 faiz idi. Bu isə dünya üzrə ən  aşağı göstəricilərdən biri idi. Sadəcə neftin dünya bazarındakı qiymətinin iki dəfədən çox aşağı düşməsi Azərbaycanın vəziyyətini kifayət qədər çətinləşdirdi. Çox təəssüf ki, Azərbaycan hökuməti fundamental iqtisadi islahatlar və sistem islahatları əvəzinə borclanma yolu ilə müəyyən problemləri həll etməyə və gözləmə mövqeyi tutmağa çalışır. Gözləmə mövqeyi də ondan ibarətdir ki, bir müddət sonra neft yenidən 100 dollar civarında olacaq. O zaman yenidən makroiqtisadi göstəricilərimiz düzələcək və borcun qaytarılmasında bir problem olmayacaq. Çox səhv və kökündən yanlış olan, gələcəyimizi də təhdid altında qoyan bir yanaşmadır”. 

"ÜDM-də xarici bocun payı 60 faizə yaxınlaşır”


N. Cəfərli inhisarçı  şirkətlərin dövlət zəmanəti ilə götürdüyü borcların da hökumətin öhdəliyində olduğunu vurğulayır: "Azərbaycanda təkcə dövlət borcları yox, dövlət zəmanəti ilə anlınmış borclar da  var. SOCAR, "Azərişıq”, "Azərsu”, "Azərenerji” kimi dövlət şirkətləri də dövlət zəmanət ilə borclar alıb. SOCAR-ın borcu 7 milyard dollara yaxınlaşıb və yenidən borclanmaq istəyir. Bu yaxınlardan Azərbaycan yenidən böyük bir borc müqaviləsi imzaladı. O hələ statistik göstəricilərə daxil edilməyib. Söhbət Avropa Rekonstruksiya və  İnkişaf Bankından Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində alınacaq 2 milyard dollarlıq müqavilədən gedir. 
Yeni müqavilələri və dövlət zəmanəti ilə alınmış digər borcları da nəzərə alsaq ÜDM-də xarici bocun payı 60 faizə yaxınlaşır, getdikcə də artacaq”. 

Borc artdıqca, neftin hasilatı azalır

Natiq Cəfərli bildirir ki, xarici borclanmanın ən böyük təhlükəli cəhəti Azərbaycanın intensiv borc qaytarma dövrünün 2020-ci ildən sonra başlamasıdır. Bu dövrdə isə Azərbaycandan neftin hasilatı da xeyli aşağı düşəcək: "Hətta bir anlıq neftin qiymətinin müəyyən qədər bahalaşacağını da təsəvvür etsək, hasilatın kəskin azalması neftdən gələn gəlirləri onsuz da çox aşağı salacaq. 2020-ci ildə qaz müqavilələri işləməyə başladıqda Azərbaycan uzun müddət gəlir götürə bilməyəcək. Çünki həm qoyduğu vəsaitin geri qaytarılması mərhələsi olacaq, həm də  həmin vəsaitlər götürülmüş kreditlərin qaytarılmasına yönələcək. 

Hərəyə 1030 manat xarici borc..

Ekspertin sözlərinə görə, adambaşına düşən  borcun həcminin 1030 dollara yüksəlməsi sadə vətəndaşların durumuna da təsirsiz ötüşməyəcək: "Ölkənin xarici borcu artdıqca, sadə vətəndaşların əmək haqlarının, təqaüdlərinin artmasına, infrastrukturun yenilənməsinə, yeni layihələrə, iş yerinin yaradılmasına, təhsil və səhiyyə xidmətlərinə daha az vəsait yönəldiləcək və əsas vəsaitlər borcların ödənilməsinə istiqamətləndiriləcək. Xarici borcun artmasının vətəndaşın həyatına təsiri bu cür olacaq”.

Borclanma intensiv şəkildə davam edir

İqtisadçı beynəlxalq maliyyə fondlarından  daha 10 milyard manatın alınacağı halda borc məbləğinin ÜDM-lə bərabərləşəcəyi anonsunu verir: "Müxtəlif məlumatlara görə, həm Beynəlxalq Valyuta Fondu, həm də Dünya Bankından yaxın iki ildə əlavə olaraq 10 milyard dollara yaxın vəsait cəlb edilməsi gözlənilir”. 

Borc həcminin artması manatı təhdid edir

Ekspertin sözlərinə görə, xarici borcların həcminin artmasında manatın ucuzlaşmasının da təsiri var: "Bizim xarici borclarımız xarici valyutada, əsasən dollarla  olduğu üçün, ölkəyə gələn dolların həcminin azaldığı üçün daxili bazardan maliyyələşərək xarici borcların qaytarılması valyutaya olan tələbi artıracaq. Bu da dolların bahalaşmasını şərtləndirir. Yəni, xarici borcun artması gələcəkdə manatın məzənnəsinə də təhdid yaradan amillərdən biridir”. (Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook