SON XƏBƏR

İqtisadçı: Çökən torpağın üzərindəki asfalt qatının qalınlığından hər şey aydın görünür

Noyabr 27
02:50 2019
"Səbəbi korrupsiya və pis idarəetmədir”

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşməsi nəticəsində yolun istinad divarları uçub.

Həmin yol və divarlar ən son martda təmir edilmişdi. Təmir və bərpa işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparmışdı.

Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilmişdi.

Ardınca 36 sm hündürlükdə və 4500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınmışdı. Torpaq işləri bitəndən sonra 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənmişdi.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, çökən torpağın üzərinə döşənən asfalt qatının qalınlığından hər şey aydın görünür. Yol yatağında daş və torpaq bərkitmə işlərinə milyonlarla vəsait silinib:

"İki gün yağan yağışla yolun istinad divarları uçub. Səbəbi korrupsiya və pis idarəetmədir”.

İqtisadçı deyir ki, Hesablama Palatası aparılmış nəzarət tədbirləri nəticəsində Dövlət İnvestisiya Proqramının layihəsinin "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın bəzi tələblərinə uyğun hazırlanıb təqdim olunmadığı qənaətindədir. Belə ki, əksər hallarda sifarişçi təşkilatlar tərəfindən dövlət investisiya layihələrinin əsaslandırılmadığı, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin hazırlanmadığını, habelə yeni layihələndirilən layihələr üçün layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmanın və texniki-iqtisadi hesablamaların Proqrama daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunub:

"Nəticədə əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları olmayan layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilir ki, bu da öz növbəsində tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılmaması, DİP üçün nəzərdə tutulan vəsaitin il ərzində bir neçə dəfə yenidən bölüşdürülməsinə və DİP üzrə proqnozla gözlənilən icra və faktiki icra arasında ciddi fərqin olmasına, nəticədə dövlət vəsaitlərinin səmərəli istifadə olunmasına təsir edir”.

Qubad İbadoğlu deyir ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb.

Bir neçə gün aramsız yağan yağışlardan sonra Bibiheybət yolu və yolun istinad divarları çöküb. Səhər saatlarında yol hər iki tərəfdən bağladılıb.

Sürüşmə nəticəsində bir maşın torpağın altında qalıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Meydan TV-yə deyib ki, yolun nə vaxt açılacağı hələ bilinmir. Aidiyyatı qurumlar baş vermiş hadisəni araşdırır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook