SON XƏBƏR

İradə Gülməmmədovaya məxsus olduğu deyilən klinika ilə dövlət qurumu üz-üzə

İyun 10
14:34 2024
Vimay Klinikasının direktoru Firuddin Tahirovla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb dövlət xidmətinin Firuddin Tahirovu cərimələməsidir. 

Qurum direktora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. 

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərcə tutulur. 

Firuddin Tahirov dövlət xidmətinin qərarından məhkəməyə şikayət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Aynurə Sadıqova iş üzrə hakim təyin edilib. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, Vimay Klinikası "Vimay-Med” MMC kimi 22 avqust 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. 

Vimay Klinikasının qeydiyyatda olduğu ünvanda "Vimay” MMC adlı başqa şirkət də yerləşir. Bu şirkətin qanuni təmsilçisi Umayeva Elnarə Vaqif qızıdır. 

Elnarə Umayeva Vimay Klinikasının da qanuni təmsilçisi olub. Mediada gedən məlumatlara görə, o, Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovaya məxsus bir neçə şirkətin qanuni təmsilçisidir. 

Vimay Klinikasının da İradə Gülməmmədovaya məxsus olduğu bildirilir. Elnarə Umayevadan əvvəl klinikanın qanuni təmsilçisinin Yolçu Gülməmmədov olması bu iddiaların əsassız olmadığını göstərir. Məlumat üçün deyək ki, Yolçu Gülməmmədov İradə Gülməmmədovun həyat yoldaşıdır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook