İran hökuməti Güney Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım etmir
Yanvar 21
14:57
2023
İran hökuməti Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə heç nə ilə yardım etmir.
"Report” xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı mənbələr məlumat yayıblar.
Bildirilib ki, Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinə aidiyyəti dövlət orqanları heç bir yardım çatdırmır. Soyuq qış günlərində bölgədə baş verən təbii fəlakət nəticəsində zərər çəkən əhaliyə yardım edən yoxdur. Hakimiyyətin onlara laqeyd münasibətindən şikayət edən sakinlər bildiriblər: "Telefon zənglərimizə cavab verən yoxdur, hətta bir ədəd çadır da vermirlər”.
Zərəçəkənlərin sözlərinə görə, İranın Qızıl Aypara Cəmiyyəti və başqa orqanların nümayəndələri zəlzələdən dağılan bölgəyə heç baş da çəkməyiblər.
Qeyd edək ki, yanvarın 18-də Xoyda 5.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 15-dən artıq kəndə ziyan dəyib, evlər uçub, 400-dən çox insan yaralanıb.