İranda iğtişaş yaradan qrupların başçıları həbs olunub
Noyabr 21
10:56
2019
İranın Əlborz, Şiraz, Tehran və Xuzestan əyalətlərində yanacağın qiymət artımından sonra gərginlik və iğtişaş yaradan qrupların başçıları həbs olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif deyib.
O bildirib ki, həbs olunanlar əcnəbi casusluq servisləri ilə əlaqələri olan şəxslərdir.
R. Şərif iğtişaş yaradan şəxsləri "xuliqan və qolçomaq” adlandırıb. O deyib ki, hegemon güclərin xuliqanlardan öz məqsədləri üçün istifadəsinin səbəblərindən biri də onların sanksiyaların effektliliyindən naümid olmasıdır: "ABŞ-ın İran xalqına qarşı yeni sanksiyalarının başlamasından 18 ay keçir. Amma xalqımızın üzləşdiyi bütün çətinliklərə baxmayaraq, ABŞ heç nə əldə edə bilməyib”.