İranın yeni Prezidenti and içib
Avqust 03
11:01
2021
İranın yeni seçilən Prezidenti İbrahim Rəisi avqustun 3-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
"Report” "Mehr” agentliyinə istinadən xəbər verir ki, avqustun 3-də İbrahim Rəisi 8-ci Prezident kimi Tehranda İmam Xomeyni məscidində and içib.
Andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif, islam Respublikası ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, Milli Təhlükəsizlik Şurasının keçmiş katıbı, prezidentliyə keçmiş namizəd Səid Cəlili, keçmiş deputat, prezidentliyə keçmiş namizəd Əlirza Zakani, prezidentliyə keçmiş namizəd, keçmiş deputat Möhsün Mehrəlizadə, prezidentliyə keçmiş namizəd, Mərkəzi Bankı keçmiş direktoru Əbdülnasir Himməti, Silahlı Qüvvələrin komandanları və dövlətin başqa rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, iyunun 18-də İranda növbəti, 13-cü prezident seçkisi keçirilib. İbrahim Rəisi seçkidə iştirak edən 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini (61,95 faiz) qazanaraq qalib elan olunub. Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizadə-Haşimi, İran Mərkəzi Bankının keçmiş rəhbəri Əbdülnasir Himməti arasında gedib.