““Çirkli pullar”ın yuyulması Azərbaycan üçün adi haldır - Vergilər Nazirliyinin MMX-sı
İyun 08
14:41
2019
Mayın 30-da prezident İlham Əliyev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Vergilər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin (MMX) həmin nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etməlidir. Layihələri hazırlayarkən nazirlik cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunmasını təmin etməlidir.
Yeri gəlmişkən, bu vaxta qədər Azərbaycanda Maliyyə Monitorinqi Xidməti əvvəlcə Mərkəzi Bankın nəzdində, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərib. Ötən ilin may ayından sonra müstəqil qurum kimi fəaliyyət göstərirdi.
Qurumun Vergilər nazirliyinin tərkibinə verilməsi nəyi dəyişəcək? Qurum "çirkli pullar"ın yuyulması ilə bağlı hansısa işlər görübmü?
Qlobal.Az xəbər verir ki, mövzu ilə əlaqədar hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov ASTNA-nın suallarını cavablandırıb.
- Əkrəm bəy, nədir bu qurumun problemi? Niyə gah Mərkəzi Bankın nəzdində, gah Palatanın tərkibində, gah da müstəqil, indi isə Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməli olur?
Niyə ehtiyacımız yox idi? Çünki "çirkli pullar"ın yuyulması Azərbaycan üçün adi haldır. Korrupsiyanın yüksək səviyyəsinə və ölkədə ilkin kapitalın toplanması prosesinin davam etdiyinə görə. MMX real mübarizə aparsa, nəinki məmurların, hətta sahibkarların da mütləq əksəriyyəti cinayət məsuliyyətinə cəlb olunmalı olardı.
Burada xüsusi qeyd edim ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə hər bir halda bizdə reallıqda DTX məşğuldur və bu işin öhdəsindən çox uğurla gəlir. Ümumiyyətlə, terrorçuluqla mübarizədə Azərbaycan nümunəvi ölkədir.
Məlum olduğu kimi, ötən ilin sonundan ölkədə korrupsiya, kölgə iqtisadiyyatı ilə real mübarizə başlanıb. Bu işin flaqmanı Vergilər Nazirliyidir. Həmin nazirlik həmişə ölkənin ən qabaqcıl, savadlı və dürüst iqtisadi blok qurumu olub. MMX-nin Mərkəzi Bankın və ya Palatanın nəzdində olması düzgün deyil, çünki onlar bank sisteminin tərkib hissəsidir və MMX-nin fəaliyyətində maraqlı deyillər. Maliyyə Nazirliyinin işi daha çox strateji xarakter daşıyır. İqtisadiyyat Nazirliyinin kadr potensialı çox zəifdir, ümumiyyətlə, daha çox boşboğazlıqla məşğuldur. Beləliklə, ən optimal qurum Vergilər Nazirliyidir. Həm də hüquq-mühafizə orqanıdır. Bu baxımdan MMX-nin həmin nazirliyə tapşırılması məntiqlidir.
Sadəcə, bu dəfə beynəlxalq deyil, daxili tələbatdan çıxış etdikləri üçün sərəncam müəllifləri yenə də beynəlxalq qurumların tələbini unudublar: müstəqillik. Buna görə də sərəncamda MMX-nin nazirliyin tərkibinə verilməsi nəzərdə tutulub. Amma, əlbəttə, yaxşı olardı ki, müstəqil hüquqi şəxs kimi nazirliyin nəzdində olsun. Söhbət ən azı cari müstəqillikdən gedir. Aydın məsələdir ki, mütləq müstəqil dövlət qurumu ola bilməz, hansısa nazirliyə tabe olmalıdır. Amma MMX nazirliyin tərkibində olmamalıdır. Əks halda, yenə də beynəlxalq qurumların təpkisi ilə üzləşə bilərik.
Uzun sözün qısası, Azərbaycanda MMX-nin real fəaliyyət dövrü başlayır. Buna görə də onu bu fəaliyyətdə ən maraqlı nazirliyə tapşırdılar. Sadəcə, status məsələsi dəqiqləşməlidir.
- Ümumiyyətlə, bu qurum nə üçündür? Fəaliyyəti nədən ibarət olmalıdır? Bu günə kimi hər hansısa bir formada fəaliyyətinin nəticəsi olubmu?
- Qurumun fəaliyyəti "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədən ibarətdir. "Çirkli pullar"ın yuyulması dedikdə qeyri-leqal, qanunsuz əldə edilmiş vəsaitlərə qanuni don geyindirilməsinin qarşısının alınması ehtiva edilir. Məsələn, korrupsionerin pulu rahatlıqla bank hesablarına daxil edilməməlidir və s.
Hər bir ölkənin ilkin iri kapitalları əsasən cinayət yolu ilə toplanır. Qərbdə də belə olub. Sadəcə, Qərbdə bu proses çoxdan bitib və dünyaya nəzarət etmək üçün üçüncü dövlətlərin elitasına diqtə edirlər ki, cinayət yolu ilə kapital toplamasınlar. Ənənəvi ikili standartlardır. Təbii, üçüncü dövlətlərin elitaları da imkan daxilində bu tələbin icrasından yayınırlar. Uzaqbaşı terrorçuluğun maliyyələşdirilməsində bu tələbə riayət edirlər.
Məhz buna görə bizdə indiyədək MMX-nin fəaliyyətinin heç bir nəticəsi olmayıb. Ə.Haqverdiyevin "Bomba" əsərinin baş qəhrəmanı "dünya görmüş qorodovoy" Kərbəlayi Zal kimi bizim MMX bir bomba da tapa bilməyib hələ (heç "Bombarabatay!" da çığıra bilməyib).
Heç kəsi məsuliyyətə cəlb etdirə bilməyib. İşi-gücü beynəlxalq tədbirlərdə iştirak edib xoş təəssürat yaratmaqdan ibarət olub. Lakin indi vəziyyət dəyişir: ilkin iri kapitalların toplanması prosesi bitib. Sivilləşməyə doğru gedirik.
- Bu vaxta qədər "çirkli pullar"ın yuyulması, yaxud terrorçuluğun maliyyələşdirilməsinə görə Azərbaycanda kimsə məsuliyyətə cəlb olunubmu? Sizcə, Azərbaycanda "çirkli pullar"ın yuyulması ilə məşğul olanlar yoxdur? Niyə Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti effektsizdir? Nədir bu effektsizliyin səbəbi? Bu qurumun fəaliyyətinin effekti kimlərin marağında deyil?
- Dediyim kimi, məsuliyyətə cəlb olunan olmayıb. Əlbəttə, "çirkli pullar"ın yuyulması ilə məşğul olan var, onlar çoxdur (həm dövlət qurumlarında, həm də biznes aləmində). Bəzən səsləri hətta Londondakı malikanələrdən gəlir. Elə onların sayının çox olması da MMX-nin fəaliyyətini effektsiz edir. Hər hansı əməl adi hal alıbsa, ona necə cinayət demək olar (bizdə korrupsionerə "bacarana can qurban!", təmiz işləyənə "əfəl" deyilir). Həmin əməli törədənlər MMX-nin fəaliyyətində necə maraqlı ola bilər?
- Qurumun Vergilər Nazirliyinin tərkibinə verilməsi nəyi dəyişəcək? Həqiqətən inanmaq olarmı ki, bundan sonra adı "çirkli pullar"ın yuyulmasına görə beynəlxalq qalmaqallarda hallandırılan Azərbaycanda kimlərsə, hansısa məmur, hansısa oliqarx "çirkli pullar"ın yuyulmasında iştirakına görə cəzalandırılacaq?
- Dediyim kimi, Vergilər Nazirliyi MMX-nin fəaliyyətində maraqlıdır. Çünki kölgə iqtisadiyyatı ilə mübarizə aparır. Əlbəttə, bu fəaliyyət sıfırdan başlandığı üçün yaxın zamanda real və təsirli nəticələr olmayacaq. Amma tədricən olacaq. İnkişafımızın təkamülü bunu qaçılmaz edir.
- Bəzi ekspertlər deyirlər ki,Azərbaycan üçün ən ideal variant MMX-nin müstəqil qurum olmasıdır. Onların fikrincə, Vergilər Nazirliyinin müəyyən fiskal yığım səlahiyyəti olsa da bank sektoruna nəzarət funksiyası yoxdur. Yəni, onların sözlərinə görə, "çirkli pullar"ın yuyulması isə vergidən yayınma ilə məhdudlaşmır, bu, daha geniş məhfumdur. Haqlı deyillərmi?
- MMX hər bir halda tam müstəqil ola bilməz. Hansısa dövlət orqanı qarşısında hesabatlı olmalıdır. Bütün dünyada belədir. Bizdə isə üstəlik elə orqana tabe olmalıdır ki, ciddi nüfuzu və təsiri olsun. Sadəcə, dediyim kimi, Qərb mərkəzi banklardan (onların da müstəqil statusu var) üçüncü ölkələrin maliyyə sisteminə nəzarət etmək üçün istifadə etdiyi kimi (heç görmüsünüzmü ki, Qərb hər hansı ölkənin mərkəzi bank rəhbərini tənqid etsin?), MMX kimi qurumların da müstəqilliyini ona görə tələb edir ki, ona təsiri güclü olsu. Yəni, kiçik dövlətin daxilində hər hansı qurumun daxili müstəqilliyi nə qədər çoxdursa, xarici asılılığı bir o qədər çoxdur. Müqayisə bəzilərinin xoşuna gəlməyə bilər, amma deyəcəyəm: məsələn, bəzi qeyri-hökumət təşkilatlarında olduğu kimi.
Əsas odur ki, MMX-nin cari və təsərrüfat müstəqilliyi olsun. Bunun üçün də o, hüquqi şəxs olmalıdır. Amma Vergilər Nazirliyinin yanında. Həmin nazirlik işə ümümi rəhbərliyi həyata keçirməlidir. MMX-nin isə ixtisaslaşmış kadrları olmalıdır. MMX-nin fəaliyyəti yalnız bank sistemi ilə bağlı deyil onsuz da. Daha genişdir. Bu baxımdan hansı qurumun nəzdində olması mühüm deyil. Əsas odur ki nəzdində olduğu qurum savadlı və dürüst olsun, MMX-nin fəaliyyəti onun maraqları ilə üst-üstə düşsün. Bu günə belə qurum Vergilər Nazirliyidir.
- Ümumiyyətlə, siz özünüz nə təklif edirsiniz? Qurumun müstəqil və heç bir müdaxilə olmadan və ya müdaxilələrə baxmayaraq, fəaliyyətini obyektiv və effektiv qurması üçün nə etmək lazımdır?
- Dediyim kimi, hüquqi şəxs kimi Vergilər Nazirliyinin nəzdində olmalıdır. Yəni, nazirlik yalnız onun rəhbərliyini təyin etməli, siyasətini müəyyən etməli və hesabatını qəbul etməlidir. Qalan məsələlərdə MMX müstəqil olmalıdır. Bununla belə, başa düşmək lazımdır ki, MMX hər bir halda siyasi qurumdur. Dünyanın ən inkişaf etmiş ölkələrində belə MMX kimi qurumların fəaliyyəti son nəticədə məqsədəuyğunluq meyarına xidmət edir. Yəni, məsələn, ABŞ-da maliyyə cinayətləri sərt cəzalandırılır. Lakin dövlət maraqları naminə bəzən nəyə isə göz yumula bilər. Necə ki, məsələn, Quantanamo kimi həbsxana hüquqa zidd olsa da, açıq-aşkar fəaliyyət göstərir. Yaxud İngiltərə indiyədək ona yerləşdirilən kapitalların mənbəyini araşdırmırdı, ofşorları himayə edirdi və s. Əsas odur ki, istisnalar kiminsə şəxsi maraqları naminə deyil, dövlət üçün edilsin.
Qlobal.Az