SON XƏBƏR

İskəndər Şirəli öz qızının şirkətinə büdcə hesabına xidmət təşkil edir?-TƏFƏRRÜAT

İyul 22
10:44 2024
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "UFAZ-da 2024-cü il ərzində tədbirlər zamanı tələb olunan, nəzərdə tutulan iaşə (catering) xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib. Satınalma portalının məlumatına görə, tenderin qalibi "Lunchef Catering” MMC şirkəti (VÖEN: 2005077961) olub. Qalib şirkətlə 116 218 manat məbləğində müqavilə imzalanıb.

Yenixeber.org: Lakin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib. Portalda qeyd olunub ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bu məqam müəyyən şübhələr yaratdığı üçün araşdırma aparmışıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, "Lunchef Catering” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 AZN nizamnamə kapitalı ilə 2018-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Hazırda qanuni təmsilçisi Nilufər İskəndər qızı Qara olaraq göstərilir.
 


6 ildən çoxdur ki, fəaliyyət göstərən "Lunchef” keyterinq şirkəti Azərbaycanın bölgələrində – şirkətlərdə, müxtəlif tədbirlərdə, korporativ yığıncaqlarda yemək xidmətləri təşkil edir. Zavodlar, fabriklər, məktəblər, tibb müəssisələri və s. kimi yerlərə qida təmin edən şirkət, daşınma yemək, bufet, furşet, kofe-breyk, biznes-lanç kimi xidmətləri təqdim edir.

Şirkətin müştəriləri arasına BECOC (Bakı şəhər halqası), SOCAR-ın Qaradağda yerləşən qurudakı buruqları və Sənaye Təhlükəsizlik İdarəsi, Milli Onkologiya Mərkəzi, Müdafiə Nazirliyinin tərkibində olan Dəniz Hərbi Qüvvələri, "AZOREL”, "Cinemaplus”, "Shafak Group”, "Caspian Entertainment” şirkətləri və s. müəssisələr daxildir.
Nilufər Qara yerli mətbuata müsahibəsində hazırda şirkətin 3 mətbəxi və 30 işçisinin olduğunu qeyd edib. Mətbəxlərdən birinin şəhərin mərkəzində, birinin Pirallahıda, digərinin isə Qaradağda yerləşdiyini bildirir. Hazırda 86 çeşiddə təamların hazırlandığı vurğulanır.
 


Rəsmi saytlarında özünü şirkətin direktoru kimi təqdim edən Nilufər Qara (Qarayeva) SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İskəndər Yaqub oğlu Şirəlinin qızıdır. O, 25 ildən artıq Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri vəzifəsində çalışıb.
Yerli mətbuatın yaydığı sənədlərə görə İskəndər Şirəli Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri vəzifəsində olduğu müddətdə öz qızının şirkəti ilə müqavilə bağlayıb və direktoru olduğu qurumun 400 işçisinin yemək təminatını qızının şirkəti vasitəsilə həyata keçirib. Bu şirkətə aid "Zabitlər bağı”nda yerləşən "Lunch Chef” restoranı vasitəsilə yeməklər hazırlanıb və dövlət qurumuna çatdırılıb.

Nilufər Qara müsahibəsində də qeyd etdiyi kimi, şirkətin mətbəxlərindən biri hazırda Qaradağda, yəni SOCAR-ın Qaradağda yerləşən qurudakı buruqları və Sənaye Təhlükəsizlik İdarəsini yeməklərlə təmin edir. Həmin idarə də atası İskəndər Şirəlinin rəisi olduğu idarədir.

Bundan başqa, İskəndər Şirəli idarə rəisi təyin ediləndən sonra yaxın qohumlarını SOCAR-da işə düzəltdiyi bildirilirdi. 6 il öncə eyni yerdə çalışan qohumların siyahısını əldə edib və ictimailəşdirmişdik. Bundan başqa ​yerli mətbuatda İskəndər Şirəlinin daşınmaz əmlak və biznes siyahısı da yayılmışdı.

Oğlu Xəzər Şirəli əvvəllər SOCAR-da Mexanika Mühəndisi olaraq çalışsa da, hazırda "Paşa Holdinq”ə aid, PAŞA Development (daşınmaz əmlak) şirkətində mexanika mühəndisi olaraq işləyir. Digər qızı Leyla Şirəli isə "Ağ şəhər” Rəsm Qalereyasının direktorudur.
 


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın iki ay öncəki qərarı ilə İskəndər Şirəli, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin "Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor” elmi adına layiq görülüb. Bundan əlavə, professor, ölkə başçısı İlham Əliyev tərəfindən 2011-ci ildə "Tərəqqi” medalı, 2012-ci ildə "Əməkdar mühəndis” fəxri adı və 2017-ci ildə isə 3 – cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
"Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin, şəxslərin tenderdə iştirakı qadağandır. Dövlət Vergi Xidmətinin saytına istinadən isə "Lunchef Catering” MMC şirkətinin dövlətə 347.8 AZN borcu var.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur. Həmçinin vəzifəli şəxsin öz ailə üzvünü, qohumunu və ya yaxın dostunu işə götürməsi, vəzifədə irəli çəkməsi də maraqlar toqquşmasının bir növüdür.

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Bundan əlavə, "Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə 116 218 manat məbləğində müqavilə imzalanıb. Bu da qanun pozuntusu deməkdir.

İskəndər Şirəli ilə əlaqə saxlaya bilməyib. Dəfələrlə edilən zənglər cavabsız qalıb. Suallar onun "Whatsapp” nömrəsinə də göndərilib, lakin cavablandırılmayıb.

Atasından fərqli olaraq, Nilufər Qara əməkdaşımızın ona ünvanlanmış suallarını dinləyib və əsəbləşib. Həmin sual-cavabı olduğu kimi təqdim edirik:

– Nilufər xanım, atanız Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin müdiri vəzifəsində olduğu zaman sizin şirkət ilə müqavilə bağladığına dair sənədlər mövcuddur. Bunun qanun pozuntusu olduğunu bilirsinizmi?

– Siz kimsiz? Bu nə sualdır? Mən bu suala cavab vermək məcburiyyətindəyəm? Mən başa düşmürəm sizin sualınızı.

– İkinci sualımız isə odur ki, sizin şirkət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçirdiyi tenderin qalibi olub. Şirkətinizin hər hansı tenderdə qalib olmasında atanızın əməyi və təsiri varmı?

– Xəstəsiniz siz? Sizdə problem var? Ümumiyyətlə, nə danışırsınız siz? Bu, nə sualdır? Nə etmək istəyirsiniz? Biz şikəstik də, biz işləyə bilmirik, düzdür?! Atam hardasa işləyirsə, mən işləyə bilmərəm də? Bu, nə suallardır? Sual verirsiz, bilirsiz nə sual verirsiz, ümumiyyətlə? Mən sahibkaram, 8 ildir sahibkaram. Sıfırdan iş qurmuşam özümə, əziyyətimlə. Birinci "UFAZ”-ı mən tenderlə udmuşam, dövlət satınalmasından. Sizin tenderə şübhəniz varsa, deməli, dövlətə şübhəniz var. Nə danışırsız siz? Şəffaf şəkildə mən tender qalibi olmuşam. Siz hansı sifarişlə bunu edirsiz? Sizə nə qədər pul veriblər ki, siz belə danışırsız? Mən sizi məhkəməyə də verə bilərəm bu şeyə görə. Yəni mən axıra kimi də gedərəm, məhkəmədə uduzduraram sizi. Xahiş edirəm, bir də bizi narahat etməyin.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook