SON XƏBƏR

İsrail hücum zamanı İranın bütün S-300 komplekslərini məhv edib - WSJ

Oktyabr 29
13:42 2024
Oktyabrın 26-da İranın hərbi obyektlərinə hava zərbələri zamanı İsrail aviasiyası İranın hava hücumundan müdafiə sisteminin əsas elementi olan Rusiya istehsallı 3 S-300 zenit-raket kompleksini məhv edib.

Bu barədə Qaynarinfo "The Wall Street Journal”a istinadən xəbər verir.

Yüzə yaxın İsrail döyüş təyyarəsinin iştirak etdiyi hücum zamanı S-300 kompleksləri İrana atılan yüzlərlə raketin yalnız bir neçəsinin qarşısını ala bilib. İranın Rusiyadan aldığı dörd hava hücumundan müdafiə kompleksindən üçü bu əməliyyat zamanı, dördüncüsü isə daha əvvəl məhv edilib.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, S-300 komplekslərindən biri Tehran hava limanının yaxınlığında yerləşib, digər ikisi isə neft limanı, neft emalı zavodu və qaz yatağı da daxil olmaqla enerji obyektlərini qoruyub.

S-300-lərin itirilməsi İran infrastrukturunu raket hücumlarına qarşı həssas edir, çünki Rusiya Ukraynadakı müharibədə istifadə etdiyinə görə daha müasir S-400 sistemlərini İrana ötürə bilmir.

Nəşr onu da qeyd edir ki, Rusiya müdafiə sənayesinin reputasiyası İranda S-300 sistemlərinin, Ukraynada isə bir sıra S-300 və S-400 sistemlərinin məhv edilməsi səbəbindən zədələnib. Bu, Rusiya silahlarının ənənəvi alıcılarını alternativ təchizatçılar, xüsusən də Cənubi Koreya, İsrail, ABŞ və Çin istehsalçıları axtarmağa məcbur edə bilər.

Xatırladaq ki, oktyabrın 26-da İsrail İranın ballistik raket hücumuna cavab olaraq İrandakı hədəflərə zərbələr endirib. Tehran və digər şəhərlərdə partlayışlar qeydə alınıb.

İsrail qüvvələri hücumu təsdiqləyərək, İranın hərbi obyektlərini qəsdən hədəfə aldıqlarını qeyd edib. İsrail mətbuatının məlumatına görə, ilk zərbə dalğası raket və hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı obyektlərə yönəlib.

Bazar günü məlum olub ki, İsrail hücumda İranın iki gizli bazasını da məhv edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook