SON XƏBƏR

İsraildə Azərbaycan səfirliyinin açılması turizm sektoruna necə təsir edəcək?

Mart 31
13:20 2023
Bu həftə Azərbaycanın İsraildə səfirliyinin açılması bir çox sahələrdə mövcud olan əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bunlardan biri iki ölkə arasında qarşılıqlı səfərlərin artması ilə bağlı gözləntilərdir. Bəs hansı amillər İsrail vətəndaşlarının səfər üçün Azərbaycanı seçmələrində həlledici rol oynayır və iki ölkə arasında turizmin inkişafı potensialında nə dərəcədə böyükdür?

Məsələ ilə bağlı "Report”a açıqlama verən Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov bildirib ki, İsraildən Azərbaycana gələnlərin buranı seçməkdə bir neçə səbəbi var.

"Əvvəla onlar özlərini Azərbaycanda güvəndə hiss edirlər. Bundan başqa İsraildən Azərbaycana gəlmək rahatdır və büdcə baxımından ucuzdur. İsrail vətəndaşları təkcə Bakıya deyil, digər bölgələrimizə də səfərlər edirlər. 5 gündən 1 həftəyə qədər qalan israilli turistlər olur. Düşünürəm ki, diplomatik əlaqələr dərinləşdikcə səfər günlərinin sayı artacaq”.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 23 935 nəfər təşkil edib. Bu isə, 2019-cu ilin rəqəmləri ilə müqayisədə 50 % bərpa deməkdir.

C. Aşurov vurğulayır ki, İsraildə yaşayan soydaşlarımızın sayı çoxdur: "Onların qohumları, müəyyən biznes işləri Azərbaycanda olduğu üçün mütəmadi olaraq ölkəmizi ziyarət edirlər. Qeyd edim ki, Azərbaycandan İsrailə birbaşa hava yolu əlaqəsi olduğu üçün gəlmək rahatdır. Bununla yanaşı, İsrail öz vətəndaşlarının Azərbaycana səyahətlərini də dəstəkləyir.

Azərbaycan istər qonaqlama, istərsə də qidalanma baxımından İsrail üçün daha əlçatan turizm məkanıdır. Lakin statistik göstəricilər potensialın nə qədər böyük olduğundan xəbər verir. Turizm axını sürətləndikcə aviareyslərin sayı da artırıla bilər”.

Onun sözlərinə görə, hazırda dünyanın turizm sahəsi pandemiya sonrakı bərpa dövrünü yaşayır: "Azərbaycanda bərpa dövrünün 2023-cü ildə də davam edəcəyi gözlənilir".

C. Aşurov qeyd edib ki, ölkəmizdən İsrailə, əsasən müalicə məqsədi ilə gedirlər: "Turizm məqsədləri üçün İsrailə səfər nisbətən bahadır".

Dövlət Turizm Agentliyindən (DTA) "Report”a bildirilib ki, İsrail Azərbaycan üçün hədəf turizm bazarlarından biridir və ölkələr arasında ikitərəfli turizm əlaqələri genişlənməkdədir:

"2021-ci ilin avqustunda Azərbaycanın İsraildə ilk dəfə olaraq turizm, eyni zamanda ticarət nümayəndəliyi fəaliyyətə başladı. 2022-ci ilin martında isə İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı baş tutub, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrailin Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bütün bunlar ölkələrimiz arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu göstərir. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan mədəni-tarixi və qarşılıqlı dostluq münasibətləri turizm əlaqələrimizin inkişafına da öz töhfəsini verir.

Həmçinin Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanda qorunub saxlanılan tarixi yəhudi irsinin turizm potensialının inkişafı üçün bir sıra işlər görülüb”.

DTA-dan bildirib ki, Agentlik tərəfindən "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlanıb və İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə Qubada Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi üçün tədbirlər keçirilib.

"Azərbaycan turizm destinasiyası israilli səyahətçilər arasında uğurla tanıdılır. Buna nümunə olaraq hər il Tel-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanlarının təqdim olunmasını, müxtəlif tədbirlərin keçirilməsini qeyd edə bilərik”, - Dövlət Turizm Agentliyi qeyd edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook