SON XƏBƏR

İsraildə seçki sonrası: Fələstinlilər hansı yəhudi lideri dəstəkləyəcək?

Sentyabr 23
12:35 2019
İsrail fələstinlilərini təmsil edən partiyalardan təşkil olunmuş Birgə Ərəb Siyahısı Bloku "Mavi-Ağ Alyans”ın lideri Benni Qantzın koalisiya hökumətinə baş nazir seçilməsini təklif edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyənin "Haber 7” saytı məlumat yayıb. Məlumata görə, Birgə Ərəb Siyahısında Cəbhə (Hadash), Ərəb Dəyişikliyi Hərəkatı (Ta'al), Birləşmiş Ərəb Siyahısı (İslam Hərəkatı) partiyaları məsələylə bağlı fikirlərini bölüşmək üçün İsrail Prezidenti Ruven Rivlin ilə görüşə nümayəndələrini göndərsə də, Birgə Ərəb Siyahısının başqa bir partiyası Balad (Tecemmu) Qantzın dəstəklənməsinə qarşı çıxaraq görüşə nümayəndə göndərməyib.

"Bizim üçün ən vacib şey Benyamin Netanyahunun baş nazir vəzifəsindən getməsidir. Buna görə də növbəti koalisiya hökumətinin baş nazirinin Qantz olmasını təklif edirik”, - Birgə Ərəb Siyahısı Blokunun lideri Eymen Avde Prezident Rivlinə deyib.

Bu görüşdən əvvəl, İsrail prezidenti Qantzın partiyası "Mavi-Ağ”ın və Baş nazir Benyamin Netanyahunun partiyası "Likud”un heyətini qəbul edib.
Xatırladaq ki, sentyabrın 17-də İsraildə keçirilən erkən seçkilərin qeyri-rəsmi nəticələrinə görə, heç bir partiya 120 yerlik Məclisdə tək başına hakimiyyətə gəlmək üçün tələb olunan 61 yeri qazana bilməyib.

Netanyahunun lideri olduğu "Likud”un başçılıq etdiyi sağçı partiyalar 55, "Mavi-Ağ” və ona dəstək verən solçu partiyalar isə 44 millət vəkili kreslosu qazanıb. 

İsrail fələstinlilərini təmsil edən Birgə Ərəb Siyahısı Bloku seçkilərdə üçüncülük qazanaraq 13 deputatını parlamentə göndərə bilib.

Keçmiş müdafiə naziri Libermanın partiyası "İsrail Evimiz” isə 8 kreslo ilə dördüncü olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook