SON XƏBƏR

İsveçin üzvlüyü NATO-ya nə qazandıracaq? - "Wilson Center"

Yanvar 25
16:20 2024
İsveçin NATO-ya maddi fayda gətirə biləcəyi üç əsas sahə var.

Qaynarinfo.az xəbər verir ki, bu barədə Ceyson Moyer və Henri Vinberqin "Wilson Centar” üçün "İsveçin NATO-ya verdiyi töhfələr: Alyansın müdafiə sənayesi və hava imkanlarının gücləndirilməsi” adlı yazısında deyilir.

Birincisi, bu, Avropanın ən inkişaf etmiş sənayelərindən biri olan müdafiə sənayesidir. Ölkənin ən böyük müdafiə şirkətləri "Jas 39 Gripen” (SAAB) və "Combat Vehicle 90” (BAE System AB) kimi bazarda ən mürəkkəb texnika istehsal edir.

İkincisi, İsveç özəl sektorunda texnoloji səriştənin yüksək səviyyəsi. Geniş dövlət-özəl tərəfdaşlıq, elmi-tədqiqat işlərinin əhəmiyyətli maliyyələşdirməsi və yüksək keyfiyyətli təhsil sistemi İsveçin yüksək texnologiya sektorunda uğurunun arxasında duran amillərdəndir. 2020-ci ildə hökumət İsveç Müdafiə Qüvvələri, dövlət universitetləri və özəl şirkətlərlə birgə milli "Kiber kampus” təşəbbüsünü başladıb və Stokholmda Kiber müdafiə və informasiya təhlükəsizliyi mərkəzini yaradıb. 
Bundan əlavə, İsveç NATO-ya daxil olduqdan sonra üç 5G avadanlığı istehsalçısından ikisi – "Ericsson” və "Nokia” eyni müdafiə alyansında olacaqlar. Ölkədə dünyanın ikinci ən böyük şəbəkə şirkəti olan "Ericsson”,  böyük proqram təminatı şirkəti olan "Hexagon” və Avropanın ən böyük litium batareya istehsalçılarından biri olan "Northvolt” kimi aparıcı yüksək texnoloji şirkətləri yerləşir.  

İsveç, həmçinin müdafiə sənayesi üçün həyati əhəmiyyət kəsb edən dəmir filizi və nadir torpaq metalları kimi mühüm mineralların böyük yataqlarına malikdir. İsveç Alyansa kritik minerallara görə Çindən və digər avtoritar dövlətlərdən asılılığını azaltmaq imkanı verəcək.

Üçüncüsü, İsveç Hərbi Hava Qüvvələri. Ölkənin hava qüvvələri Skandinaviyada ən böyük, Avropada isə ən böyüklərindən biridir, xidmətdə olan ən azı 100 döyüş təyyarəsi var. Qarşıdakı illərdə daha çox qırıcıların istehsalı ilə İsveç Baltik və Arktika bölgələrində alyans qırıcılarının sayını əhəmiyyətli dərəcədə artıracaq. 
Şimali Avropanın mərkəzində yerləşən geostrateji mövqeyini nəzərə alaraq İsveçin üzvlüyü alyans üçün faydalıdır. İsveçin qoşulması ilə NATO Baltikdə strateji üstünlük əldə edəcək - Baltik dənizi ətrafında yerləşən ölkələrin əksəriyyəti eyni hərbi ittifaqın bir hissəsi olacaq.

İsveçin üzvlüyü üç strateji əhəmiyyətli ərazini NATO-nun nəzarəti altına alacaq:

1. Şimal dənizini Baltikyanı ilə birləşdirən Oresund boğazı, indi bu boğaza tam olaraq NATO üzvləri nəzarət edəcək;

2. Baltik dənizinin ən böyük adası olan Qotland Baltikdə mərkəzi mövqeyinə görə tez-tez "batmaz aviadaşıyıcı gəmisi” adlandırılır;

3. Aland dənizi və Botniya körfəzi boyunca sahil xətti NATO-nun Botniya körfəzinin girişində Finlandiya və İsveç arasında silahsızlaşdırılmış bölgə olan Aland adalarını müdafiə etməsini asanlaşdıracaq.

İsveç dünya səviyyəli sualtı donanmaya və Baltik dənizində naviqasiya üzrə geniş təcrübəyə malikdir. Əsas odur ki, ABŞ-ın bütün sualtı arsenalı və Rusiyanın sualtı donanmasının əksəriyyəti dayaz Baltik dənizində fəaliyyət göstərə bilmir, buna görə də İsveç NATO-nun Baltik regionunda mövcudluğunda kritik boşluğu doldurur.

İsveç alyansa qoşulduqda səkkiz Arktika dövlətindən yeddisi - Rusiya istisna olmaqla - bir qurumun bir hissəsi olacaq. İqlim dəyişikliyi karbohidrogenlər və kritik minerallar kimi resursların çıxarılması üçün yeni gəmi yolları və imkanlar aça bildiyinə görə, region tədricən həm kommersiya, həm də hərbi baxımdan daha vacib olur. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook