SON XƏBƏR

İtaliya məhkəməsi TAP-a qarşı; zeytun ağacları bəhanədir, yoxsa...

Aprel 08
10:09 2017
İlham Şaban: "Bu məsələlərə sadəcə ekologiya prizmasından yanaşmaq düzgün deyil, burada Rusiyanın maraqları var”
 
İtaliyanın Lazio Regional İnzibati Məhkəməsi Trans Adriatik Borusunun (TAP) keçəcəyi yerdə zeytun ağaclarının kəsilməsi üçün ekologiya nazirliyinin verdiyi icazəni dayandırıb.
 
Bu barədə İtaliyanın ANSA xəbər agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, icazənin dayandırılması Pugli regional hökumətinin şikayətinə dair aprelin 19-a təyin edilmiş məhkəmə iclasına qədər qüvvədə olacaq. TAP-ın keçəcəyi Puglia rayonunun Melendugno bölgəsində zeytun ağaclarının kəsilməsinə qarşı böyük etiraz aksiyalarının davam etdiyi deyilir.
 
İtaliyanın sənaye naziri Carlo Calenda isə çərşənbə günü TAP-ın tikintisinin tezliklə başlanmasına ehtiyac olduğunu deyib. Nazir TAP-ın Melendugno-dan keçməsi ilə bağlı qərarın yalnız "alternativlərin dərin müzakirəsindən sonra” verildiyini deyib. Hazırkı planda zeytun ağaclarının borunun tikintisindən sonra eyni ərazidə yenidən əkilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, TAP 40 milyard ABŞ dolları dəyərində Cənub Qaz Dəhlizinin sonuncu hissəsidir və 2020-ci ildən Azərbaycandan İtaliyaya 10 milyard kub metr qaz gətirməsi planlaşdırılıb. TAP-ın tikintisi və zeytun ağaclarının köçürülməsi neçə gündür ki, "No TAP” komitəsinin fəallarının keçirdiyi aksiyalara görə dayandırılıb. TAP konsorsiumu kəmərin marşrutu boyu 216 çoxillik zeytun ağaclarının köçürülməsi üçün icazə alıb, lakin onlardan cəmi 4-nü köçürməyə imkan tapıb. İtaliya parlamentində təmsil olunan, Rusiyaya bağlı olan "5 Ulduz” hərəkatının yaratdığı "No TAP” komitəsinin keçirdiyi etirazlar nəticəsində işlər dayandırılıb. İndi isə məhkəmə ağacların köçürülməsinə verilmiş icazənin qüvvəsini dayandırıb.
 
Məsələ ilə bağlı İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Lazio şəhər məhkəməsi çıxarılan qərara münasibət bildirib. Səfir qeyd edib ki, İtaliya hökuməti hazırda bu məsələ üzərində işləyir: "Hazırda İtaliya məhkəməsinə təqdim edilmiş bəzi administrativ məsələlər var. Əminəm ki, bu məsələ həll olunacaq. TAP-la bağlı işlər artıq başlayıb və davam edəcək.
 
Məsələyə münasibət bildirən Azərbaycanın energetika naziri Natiq Əliyev qeyd edib ki, bu borunun tikintisinə öncədən razılıq verilib.

Natiq Əliyevin sözlərinə görə, marşrut əvvəlcədən razılaşdırılıb, hətta onu üzərinə müəyyən öhdəliklər götürmək şərtilə İtaliya hökuməti özü təklif edib.

"Nəzərə almaq lazımdır ki, bu layihə İtaliyanın özünə və digər Avropa ölkələrinə lazımdır - biz onları təbii qazla təchiz edəcəyik”, - deyə, Natiq Əliyev bildirib.

Azərbaycanın energetika naziri vurğulayıb ki, bu məhkəmə son instansiya deyil: "Aprelin 19-na qədər gözləyək. Yenə təkrar edirəm ki, saziş İtaliya hökuməti ilə bağlanıb, regional hakimiyyətlərlə deyil. Marşrutu da biz təklif etməmişik. Ümumilikdə, problem bizə tanışdır. Bu cür maneələrə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisində və digər layihələrdə də rast gəlmişik”.

"Yeni Müsavat” açıqlamasında TAP-ın tikintisi ilə bağlı yaranmış problemləri dəyərləndirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, bu layihənin tikilib başa çatması üçün hələ iki vaxt var və bu müddət ərzində problem həllini tapa bilər: "Hesab edirəm ki, aprelin 19-da keçirilən təkrar məhkəmədə eyni qərarı qüvvədə saxlayacaq. Burada söhbət 216 zeytun ağacının köçürülməsindən gedir. İndiyədək 50 zeytun ağacı köçürülüb. Bu heç onun yarısı da deyil. "Röyters" agentliyi də bunu qeyd etmişdi ki, əgər layihə icraçıları bu ağacların hamısını aprel ayında imkan tapıb köçürə bilməsələr, bir də noyabr ayını gözləməli olacaqlar ki, ağaclar məhv olmasın. O zaman işlər dondurulacaq. Bunu faciəyə döndərmək də lazım deyil. Çünki bu ərazidən kəməri cəmi 8 kilometrlik hissəsi keçəcək. Boru dənizdən çıxır və paylayıcı şəbəkələrə qədər uzanmalıdır. Boru kəməri iştirakçıları hələ 2018 və 2019-cu ilə qədər tikib başa çatdıra bilərlər".
 
İ.Şabanın sözlərinə görə, əsas maraqlı məqam ondan ibarətdir ki, 2014-cü ildən etibarən bu cür hadisələr baş verir və bu sıradan bir hadisə deyil: "Burada siyasi və siyasətdən doğan kommersiya maraqları var. Azərbaycan və Rusiya daim qeyd edirlər ki, heç zaman ”Qazprom"la bu boru kəməri arasında bir problem yoxdur. Ancaq mən belə hesab edirəm ki, Rusiyanın qaz kəmərləri ilə rəqabət, 2014-cü ildən başlayan Qərb-Rusiya qarşıdurması, bu ölkəyə sanksiyaların tətbiqi və sairdən sonra Rusiyada bir qıcıq yaranıb. Necə ola bilər ki, 2016-cı ildə Rusiya ilk qazını "Türk axını” ilə Avropaya çatdırmaq istəyirdi. Digər layihələrə isə istehza edirdi ki, onlar heç 2023-cü ildə də reallaşmayacaq. Ancaq indi məlum olur ki, 3500 kilometrlik bir boru kəmərləri sistemi var və bu Cənub Qaz Dəhlizi adlanır- bu layihə reallaşmaq üzrədir. Ancaq Rusiyanın "Cənub axını” reallaşmadı. "Şimal axını” layihəsi də çox ciddi müqavimətlə qarşılaşıb. Təbii ki, 1968-ci ildən Avropaya qaz verən Rusiya düşünür ki, biz yaxın günlərdə bu sahədə Avropa ilə qaz əməkdaşlığımızın 50 illiyimizi qeyd etməyə hazırlaşırıq. Avropadan Rusiya qazına qırmızı işıq yandırılmasa da, yanıb-sönən bir sarı işıq yanır".

Ekspertin sözlərinə görə, Rusiya ilə Avropa bu məsələdə razılaşma əldə etməsə, problem daha da dərinləşə bilər: "Digər tərəfdən bizimki kiçik bir layihədir. Rusiya Avropaya 160 milyard kubmetrdən artıq qaz satır. 10 milyard kubmetrlik Xəzər qazı üçün bir-birinin ardınca yaşıl işıq yandırılır. Bu Rusiyada qıcıq doğurur. Rusiya hər vəchlə buna mane olmağa çalışır. Rusiya burada baş rolda görünməsə də, hansısa insanlar etiraz aksiyasına çıxır, zeytun ağaclarının köçürülməsinə etiraz edir, siyasilər buna dəstək verir. Əgər bu məsələdə Avropa Rusiya ilə dil tapmasa, onlarla qaz alışı məsələsinə razılığa gəlinməsə, bu boru kəmərinə mane olmaq üçün daha ciddi addımlara əl ata bilərlər. Ona görə də bu məsələlərə sadəcə ekologiya prizmasından yanaşmaq düzgün deyil”.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook