SON XƏBƏR

İvanka Trampın xüsusi təşəkkür etdiyi azərbaycanlı xanım

İyun 14
10:41 2019
Nə qədər ki, fərdlərin təfəkküründə inqilab olmayıb, yüksək tərəqqidən danışmaq olmaz. Hər bir insanın mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi? Bu gün Azərbaycanda elə bölgələrimiz vardır ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri valideynləri tərəfindən erkən nigahlara sürüklənirlər. Adları orta məktəb şagirdləri sırasında getsə də evdən məktəbə buraxılmırlar. Nəticədə xalqın arasında savadsız, elmsiz bir zümrə yaranır. Nəzərə alanda ki, bu qızların hər biri gələcəyin anasıdır, onda bu problemin nə qədər ağır olduğunun fərqinə varırsan. Amma çox sevinirəm ki, azərbaycanlı anaların arasında yüksək təhsil almış, müasir təfəkkürlü xanımlar da vardır. Bu gün sizə onlardan biri- Leyla xanım Tağızadə haqqında söhbət açmaq istəyirəm...

O, Sumqayıtda dünyaya gəlib. 1997-ci ildə orta təhsilini bu şəhərdə Təbiət Elmləri Gimnaziyasında başa vurub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsində ali təhsil alıb. Sonra bir il Sumqayıt 1 nömrəli Stomatologiya Poliklinikasında öz ixtisası üzrə internatura keçib. 2004-cü ildən doğulduğu şəhərdə fəaliyyət göstərən Hipokrat Tibb Mərkəzinin icraçı direktorudur...

...Atası tibb elmləri namizədi Mayıl Tağıyev əməkdar həkimdir. Uzun illər Sumqayıt Ruhi Əsəb Dispanserinə rəhbərlik edib. Anası Natavan xanım Kərimova həkim nevropotoloqdur. Bacısı Nigar xanım ulturasəs həkimidir. Yeganə qardaşı Allahverdi isə ixtisasca iqtisadçı olsa da Sumqayıt prokurorluğunun arxivində çalışır...

Leyla xanım 2006-cı ildə məşhur Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunda ixtisasartırma kurslarını keçərək kliniki neyrofizologiya ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Almaniyanın Ludviqshafen şəhər klinikasında təkmilləşdirmə kursu keçib. 2007-2011-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun aspiranturasında təhsilini davam etdirərək səhiyyənin idarə olunması və ictimai sağlamlıq mövzusunda elmi iş müdafiə edib. Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb (PhD).

2014-cü ildən bir neçə dəfə ABŞ-da və o cümlədən Almaniyada səhiyyənin idarə olunması üzrə beynəlxalq təcrübə kurslarında olub. 2016-2017-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Slikon vadisində yerləşən "The Founder İnsitute”-də "Famile Founder” təqaüdü ilə təhsilini davam etdirib...

Deyir ki,- "Arzularım elə də çox deyil. Tibb və süni intelektin kəsişməsi mövzusunda elmi araşdırmaları davam etdirmək, bu sahədə gizli qalan həqiqətləri üzə çıxarmaq istəyirəm. Yerli startaplara biznesin inkişafı istiqamətində dəstək vermək, onların qlobal şəbəkəyə çıxmasına kömək etməyi planlaşdırıram. Və bütün analar kimi övladlarımın yüksək təhsilə yiyələnməsinə, əsl vətəndaş kimi böyüməsinə çalışıram”...

...Ömür-gün yoldaşı Emin Abdulov Milli Məclisdə deputat köməkçisi işləyir. Üç qızı vardır. Böyük qızı Ayan xanım 15, ortancıl qızı Mehriban xanım 12, üçüncü qızı Banu xanım 8 yaşındadırlar...

Leyla xanım sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. 2018-ci ildə yaradılan "Sosial İnnovation Lab” təşkilatının təsisçilərindən biridir. Bütün bunlardan əlavə bir sıra qlobal sammitlərdə iştirak edib. Onlardan ən yadda qalanı 2017-ci ildə Hindistanda keçirilən sammit olub. Həmin tədbirdə rəhbərlik etdiyi layihənin iştirakçısı Reyhan Camalova ən gənc ixtiraçı kimi ABŞ prezidentinin qızı İvanka Trampın çıxışında təqdirə layiq görülüb. Gəncin bu uğuruna görə Leyla Tağızadəyə xüsusi minnətdarlıq edərək, birlikdə xatirə şəkili çəkdirib…

Səmimi, təvazökar, dərin zəkalı, humanist, mehriban xanımdır. İndiyədək Rusiya, Azərbaycan elmi jurnallarında ona yaxın məqaləsi işıq üzü görüb. "EEQ-də yuxu assimetriyası” kitabının iki müəllifindən biridir. Badminton oynamağı xoşlayır. Tibbə, innovasiyaya aid kitabları mütaliə etməkdən yorulmur. Keçmiş sovet respublikalarına, Avropa ölkələrinin bir neçəsinə səyahət edib. Təbiət qoynunda ailəvi istirahət etməkdən zövq alır. Bir sözlə, haqında söhbət açdığım Leyla Tağızadə Azərbaycan xanımına məxsus olan bütün keyfiyyətləri özündə ehtiva edir. Hər bir Azərbaycan xanımı isə vəfasına, etibarına, ailəsinə bağlılığına, çalışqanlığına görə bütün dünya qadınlarından seçilir. Bəli, xanım yüksək təhsil alanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, yeni nəslin inkişafında əhəmiyyətli rol oynayır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook