SON XƏBƏR

Jerar Depardye azərbaycanlı rəssamın əsərini şəxsi kolleksiyasına daxil etdi (FOTO)

Noyabr 09
10:09 2017
Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardye azərbaycanlı rəssam Məryəm Ələkbərlinin rəsm əsərini şəxsi kolleksiyasına daxil edib.

Paris "Art Shopping”in satış üzrə direktoru Stefan de Boysson "Report”a açıqlamasında bildirib ki, əsər satış üçün nəzərdə tutulduğundan artıq 15 min avrodan yuxarı qiymətə alınıb.

Stefan de Boysson Fransada ən tələbkar kolleksiyaçı kimi tanınan Depardyenin nə üçün məhz azərbaycanlı rəssamın əsərini almaq qərarına gəldiyinə belə aydınlıq gətirib:

"Bu ilk növbədə fransalı aktyorun Azərbaycana, Qafqazın bu əsrarəngiz bölgəsinə olan məftunluğundan irəli gəlib. İkinci səbəb bu rəsm əsərinin qeyri-standart ölçüdə (250/180) işlənməsidir. Bundan əlavə isə abstrakt rəsm üslubunu seçən rəssamın özünə məxsus dəsti-xətti var ki, onun əsərlərini digərlərindən fərqləndirir. Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. O, tonların harmoniyasını incəliklə yarada bilir və daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir.

İncəsənət tarixçiləri, yaradıcılığın müxtəlif sahələrini təmsil edən sərgi iştirakçıları istedadlı rəssamın əsərlərini həmişə maraqla qarşılayıblar. Son 1 il ərzində biz bu gənc rəssamın 20-dən artıq əsərini satmışıq. Satılan əsərlərin hər birinin qiyməti 2 min avrodan başlayır”.

İncəsənət sahəsində təhsilə ilk dəfə Bakıda başlayan Məryəm Ələkbərli sonradan təhsilini Moskvada, ardınca isə Paris Dekorativ ali məktəbində və İncəsənət ali məktəbində davam etdirib.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook