Kamran Əliyev Rusiya İstintaq Komitəsinin sədri ilə görüşüb
Mart 19
18:22
2024
Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib, prokurorluqda aparılan genişmiqyaslı islahatlar çərçivəsində Elektron prokurorluq informasiya sisteminin fəaliyyəti barədə qonaqlara məlumat verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçiriləcəyini bildirən Baş prokuror, istintaq orqanlarının ekoloji sahədə törədilən hüquqpozmalara qarşı gördüyü tədbirlərin önəmini vurğulayıb.
Aleksandr Bastrık iki dost və tərəfdaş dövlətin istintaq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.
Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. İmzalanma mərasimi çərçivəsində Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevi "Vəzifə borcuna sadiqliyə görə” medalı ilə, Baş prokuror isə həmkarını "Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edib.