SON XƏBƏR

“Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib

Sentyabr 23
16:07 2019
19-20 Sentyabr tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri” layihəsinə həsr olunmuş tədbirlər keçirilib.

Modern.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 20 Sentyabrda Ağstafa rayonunda yerləşən "Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda keçirilib. Tədbirdə ilk öncə qoruğun direktoru Musa Mursaquliyev tədbiri açıq elan edərək qonaqları salamlamış, günün mahiyyəti haqqında ətraflı məlumat verib. Ağstafa rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova çıxış edərək Keşikçidağ mağaralar kompleksinin mədəni irs nümunələri haqqında təəssüratlarını bölüşüb. Daha sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmini vurğulanıb.

Tədbirin bədii hissəsində isə Azərbaycanın dahi şairi Səməd Vurğunun Keşikçidağla bağlı "Rahibə qız və çoban” adlı rəvayəti aşığın müşayiəti ilə tədbir iştirakçılarına danışılmış, sıldırım qayalar üzərində musiqi alətləri tərəfindən musiqi nömrələri və milli geyimli rəqqaslar tərəfindən müxtəlif rəqslər ifa edilmiş, ərazidə at yarışı təşkil edilmiş, milli mətbəximizin ləziz təamlarından olan göy qutabı və samovar çayı hazırlanaraq iştirakçılara təqdim edilib. Bunlardan əlavə, qoruq ərazisindən tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət pavilyon qurulmuş, buklet və flayerlər tədbir iştirakçılarına paylanılıb.

Layihə çərçivəsində ziyarətçilərin qoruğa girişi ödənişsiz olub.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Avropa İrs Günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, "açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir. Hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində də geniş qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook