"Kimlərsə Azərbaycandan böyük həcmdə pulların növbəti partiyasını çıxarmağa hazırlaşır" - SƏNƏD
May 27
15:07
2022
"Kimlərsə Azərbaycandan böyük həcmdə pulların növbəti partiyasını çıxarmağa hazırlaşır..."
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı Allahverdi Aydın yazıb:
"Bəlkə də səhv fikirləşirəm, amma niyə bu qənaətə gəldiyimi izah edirəm.
Deməli, bu il Böyük Britaniyada Azərbaycan vətəndaşları tərəfindən onlarla şirkət qeydiyyata alınıb. Şirkətlərin adına və qeydiyyat ünvanlarına baxdığımız zaman açıq şəkildə görünür ki, bir mərkəzdən idarə olunurlar.
Şirkət adları əsasən direktorun ad və soyadına uyğun qoyulub. "Mammadovvugar Ltd”, "Orkhanhasan Ltd”, "Elmirjafarov Ltd” və s. Bəzilərinə isə elə-belə, ad xatirinə ad qoyulub. Məsələn, şirkətlərdən birinin adı "Kartof Ltd”dir. Şirkət direktorlarının əksəriyyəti gənclərdən ibarətdir. Hətta aralarında 2004 təvəllüdlü şəxs də var.
Londonda şirkət açmaq havayı deyil, az ya çox müəyyən vəsait xərclənməlidir. Ən azından ofisin (şirkətin hüquqi ünvanı) icarəyə götrülüməsi üçün pul vermək lazımdır. Bu cür ofislər adətən virtual ofislər olur. Bu qədər insan eyni anda, eyni ünvanda, bənzər adlarla əyləncə olsun deyə bu qədər şirkət açmaz və ən əsası da belə əyləncə üçün pul xərcləməz. Aydın görünür ki, bu şirkətlər məqsədli və planlı şəkildə açılıb. Hətta bəzi şirkətlərə 2-3 nəfər rəhbərlik edir.
Şirkətlər bütün dünyada "çirkli pulların” yuyulması üçün ən çox istifadə olunan vasitədir. Siyahıda gördüyünüz şirkətlərin demək olar ki, hamısının fəaliyyət sferası eynidir – "Poçt sifarişləri və internet üzərindən pərakəndə satış” (Britaniyanın vergi idarəsində fəaliyyət kod 47910-dur). "Poçt sifarişləri” elə sahədir ki, vergi orqanlarının bu sahəyə gündəlik olaraq nəzarət etməsi mümkün deyil.
Bu şirkətlər əslində il boyu heç bir fəaliyyət göstərmir. Yalnız ilin sonunda vergi idarəsinə hesabat verirlər ki, bu işdən filan qədər dövriyyəm olub və olmayan fəaliyyətə görə dövlətə vergi ödəyirlər. Nəticədə, vergisi ödənilən pullar ("çirkli pullar”) da "təmizlənib” olur qanuni gəlir".
Qlobal.az