SON XƏBƏR

KİVDF ləğv olunmalı, yoxsa qurumda islahat aparılmalıdır? - Mehman Əliyevin təklifinə reaksiyalar

İyul 23
17:21 2019
"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azpolitika.info-ya müsahibəsində ölkə mediasının mövcud vəziyyəti haqda səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Onun xüsusilə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ləğv olunması haqda təklifi və medianın dövlət tərəfindən maliyyələşdirilməsinin əleyhinə çıxması geniş müzakirələrə səbəb olub. 

Tanınmış jurnalist Azər Rəşidoğlu mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında KİVDF-nin ləğvinin deyil, həmin qurumda əsaslı islahatların aparılmasının daha məqsədəuyğun olduğunu deyib: 

"KİVDF-nin fəaliyyətində kifayət qədər nöqsanların olmasına baxmayaraq, o Fondun ləğv edilməsinin doğru addım olmayacağını düşünürəm. Sadəcə olaraq, KİVDF-nin yenidən və fərqli prinsiplər əsasinda, peşəkar media mütəxəssilərinin rəyi nəzərə alınmaqla yenidən formalaşdırılması daha məqsədəuyğundur. Yəni KİVDF-ni ləğv edib, onun əvəzində başqa analoji qurum yaradılarsa, o da bir müddətdən sonra eyni vəziyyətə düşəcək. O baxımdan, əsaslı islahatlar aparmaqla, KİVDF fəaliyyətini davam etdirməlidir”.

Rəşidoğlu hesab edir ki, ölkədə çap mediası ilə rəqabətdə mövqelərini xeyli gücləndirmiş internet mediaya dövlətdən maliyyə yardımı ayrılması zəruridir və bu məsələnin yaxın vaxtlarda həll olunacağı gözlənilir: 

"Elektron media orqanlarının dövlətdən maliyyələşməyə cəlb olunmaları təklifi zaman-zaman gündəmə gətirilir və hesab edirəm ki, bu məsələ yaxın vaxtlarda həllini tapacaq. İndiki reallıqda ölkə mediasında elə bir xaotik vəziyyət yaranıb ki, bu məsələni qısa müddətdə tənzimləmək və qərar vermək heç də asan deyil. Sözsüz ki, XXI əsrdə internet medianın çap mıtbuatı üzərində ciddi üstünlük əldə etdiyi vaxtda o seqment dövlət maliyyələşməsindən kənarda qalmamalıdır.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə Mehman Əliyevin bu iddialarının əsassız olduğunu bildirib: 

"O, daha çox siyasi intriqaların təmsilçisidir, nəinki medianın. Ona görə də, dedikləri heç vaxt öz təsdiqni tapmır. O, sadəcə danışır. Bu da onun növbəti əsaslandırılmamış, mənasız bir iddiasıdır. Adamın normal KİV nümayəndələri ilə problemi var, bunun acığını çıxmaq üçün gah bir, gah da digər tərəfi ittiham edir ”.

Müşfiq Ələsgərli bildirib ki, internet mediaya dövlət yardımının ayrılması məsələsi gündəmdədir: 

"Onlayn mediaya yardım ayrılması məsələsi gündəmdədir. Bu məsələ dəfələrlə Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİVDF tərəfindən gündəmə gətirilib. Amm KİVDF bu məsələdə tək qərar verə bilməz. Bildiyiniz kimi, media orqanlarına KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında yardım göstərilir. Biz də bu konsepsiyanın müddəalarına uyğun şəkildə hərəkət etməliyik. Onlayn mediaya yardım ayrılması üçün hökümətdə müzakirə getməli, müəyyən qərar verilməli və konsepsiyaya uyğunlaşdırılmalıdır ki, biz də o dəstəyi onlayn mediaya verə bilək”.(Yenicag.az)




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook