Kiyev yenidən qanadlı raketlərlə atəşə tutuldu – Rusiya milyonlarla insanın yaşadığı şəhəri bombalayır
İyun 02
11:43
2023
Ukrayna hakimiyyəti iyunun 2-də hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın paytaxt Kiyevə atdığı 30-dan çox dron və raketi vurduğunu bildirib.
"AzPolitika.info” xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko məlumat vertib. O, deyib ki, potensial dağıntılar və itkilər barədə məlumat yoxdur. "Bir gün öncəki ballistik raketlərdən sonra bu dəfə dronlar və qanadlı raketlərlə birgə hücum həyata keçirilib”, – Popko əlavə edib.
"Bu gecə düşmən zərbələrdə 15 qanadlı raketdən və 18 İran istehsalı "Şahed” hücum PUA-sından istifadə edib”, – Baş Qərargah sosial mediadakı açıqlamasında bildirib. "Müdafiəçilərimiz bu hava hədəflərinin hamısını məhv edib”, – deyə məlumatda qeyd olunur.
"Artıq həyəcan siqnalından sonra paytaxtın Darnitsa rayonunda yolda yanan raket parçaları tapılıb. Xilasetmə və yanğınsöndürmə xidməti hadisə yerinə gedir", – Kliçko "Teleqram”da yazıb. Rusiya qoşunları mayın əvvəlindən Ukrayna şəhərlərinə, xüsusilə də Kiyevə hücumları intensivləşdirib.
Ukrayna paytaxtı ötən ay ərzində Rusiya aviasiyası tərəfindən 17 dəfə hədəfə alınıb. Kiyev hərbi hakimiyyət orqanları iyunun 1-də raket parçalarının paytaxta düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfərin həlak olduğunu bildirib. Daha 11 nəfər yaralanıb.