Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib
Dekabr 17
09:41
2018
Ukraynanın paytaxtı Kiyev şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, Azərbaycanın sərbəst güləş üzrə Əməkdar idman ustası, Əməkdar məşqçisi Oleq Krapivin tərəfindən təşkil olunan tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor rəhbərləri, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri və soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnləri ilə başlayıb. Sonra çıxış edən O.Krapivin bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün banisi ümummilli lider Heydər Əliyev olub. O qeyd edib ki, bu bayram Azərbaycanın digər bayramlarının içərisində öz layiqli yerini tutub və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir.
Dünyada yaşayan soydaşlarımıza dövlət qayğısından danışan Azərbaycanın Ukraynadakı səfirliyin müşaviri Elman Bağırov bildirib ki, bu bayramın memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərar öz nəticəsini verməkdədir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev bu gün dünya azərbaycanlılarının güclənməsi üçün öz əməyini, biliyini əsirgəmir. Daha sonra E.Bağırov göstərdikləri xidmətə görə, O.Krapivin, onun birinci müavini Seyidəli Qadmaliyev və müavini Firudin Həşimovu səfirliyin fəxri diplomu ilə təltif edib.
Tədbirdə Ukraynanın ictimai-siyasi xadimləri, Azərbaycanın diaspor rəhbərləri öz səmimi təbriklərini bölüşüblər.
Bayram tədbiri sənətçilərin çıxışı ilə davam etdirilib.